media-inshot_20260423_155111614

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun qeyd etdiyi kimi, Azərbaycan 2006-cı ildən etibarən Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşlardan birinə çevrilib.

Bununla yanaşı, dəyişən qlobal enerji gündəliyi fonunda mövcud əməkdaşlığın genişləndirilməsi, bərpa olunan enerji sahəsində tərəfdaşlığın dərinləşdirilməsi və yeni enerji layihələrinin təşviqi məsələləri daha da aktuallaşır.

Bəs Azərbaycan Avropanın enerji təhlükəsizliyində necə rol oynayır?

Patrul.az mövzu ilə bağlı Crypto Consulting MMC-nin direktoru və UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyevin fikirlərini öyrənib.

Həmsöhbətimiz qeyd edib ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu ən aydın göstərən layihələrdən biri Cənub Qaz Dəhlizidir:

“Bu sistemin əsas hissələri olan TANAP və TAP boru kəmərləri vasitəsilə Azərbaycan qazı Türkiyə üzərindən Avropaya çatdırılır. Məsələn, Azərbaycan qazı bu gün İtaliya, Yunanıstan və Bolqarıstan kimi ölkələrin enerji balansında mühüm yer tutur. Xüsusilə Bolqarıstan üçün Azərbaycan qazı strateji əhəmiyyət daşıyır və ölkənin qaz təchizatının əhəmiyyətli hissəsini təmin edir. Bu isə Avropa ölkələrinin enerji mənbələrinin şaxələndirilməsi baxımından mühüm nəticə hesab olunur. Bununla yanaşı, Azərbaycan qazının əsas mənbələrindən biri olan Xəzər dənizində yerləşən iri qaz yataqları, xüsusilə Şahdəniz yatağı Avropanın uzunmüddətli enerji təminatında əsas dayaqlardan biri kimi çıxış edir. Bu yataqdan hasil olunan qazın Avropa bazarına çıxarılması nəticəsində bir sıra ölkələr alternativ enerji mənbələrinə çıxış əldə edib”.

media-inshot_20260423_154142141

İqtisadçı Azərbaycanın enerji əməkdaşlığının yalnız qaz ixracı ilə məhdudlaşmadığını söyləyib:

“Son illərdə ölkəmiz Avropa dövlətləri ilə bərpa olunan enerji sahəsində də konkret layihələr həyata keçirməyə başlayıb. Məsələn, Xəzər dənizində külək enerjisi potensialının inkişafı üzrə beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edilir və bu layihələrin gələcəkdə Avropaya yaşıl enerji ixracı üçün yeni imkanlar yaradacağı gözlənilir. Bu istiqamətdə xüsusilə Qara dəniz regionu üzərindən yaşıl enerji dəhlizinin yaradılması layihəsi müzakirə olunan mühüm təşəbbüslərdən biridir. Azərbaycanın enerji sahəsində Avropa ilə əməkdaşlığı konkret ölkələrlə imzalanmış uzunmüddətli müqavilələr vasitəsilə də güclənir. Məsələn, İtaliya hazırda Azərbaycan qazının əsas alıcılarından biridir və bu əməkdaşlıq iki ölkə arasında enerji tərəfdaşlığının əsas sütunlarından birinə çevrilib. Eyni zamanda Yunanıstan və Bolqarıstan kimi ölkələr üçün Azərbaycan qazı enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır”.

“Ümumilikdə, Azərbaycan Avropanın enerji təhlükəsizliyində yalnız enerji təchizatçısı kimi deyil, həm də konkret layihələr və ölkələr üzərindən sabit və etibarlı tərəfdaş kimi çıxış edir. Hesab edirəm ki, mövcud layihələrin genişləndirilməsi, yeni qaz marşrutlarının inkişafı və bərpa olunan enerji sahəsində əməkdaşlığın gücləndirilməsi yaxın illərdə Azərbaycanın Avropa enerji bazarındakı rolunu daha da artıracaq”,– deyə o əlavə edib.

Ləman Sərraf


Bənzər xəbərlər