media-screenshot_20260507_145658_instagram

Son dövrlərdə avtomobil bazarında ziddiyyətli dinamika müşahidə olunur: bəzi seqmentlərdə qiymətlər artdığı halda, digərlərində əksinə ucuzlaşma qeydə alınır. Xüsusilə yeni və ikinci əl avtomobillər arasında qiymət fərqləri daha aydın şəkildə özünü göstərir. 30000 manatadək olan avtomobillərin qiymətində 1 500 – 3 000 manat civarında artım müşahidə olunur.

Eyni zamanda, 2026-cı ildən etibarən elektrik və hibrid avtomobillər üçün ƏDV güzəştlərinin ləğv ediləcəyi gözlənilir ki, bu da qiymətlərin əlavə olaraq 15-20% artmasına səbəb ola bilər.

Ənənəvi avtomobil bazarlarında isə alıcı sayının azalması və ümumi durğunluq müşahidə olunur. Belə ki, istehlakçılar daha çox onlayn platformalar vasitəsilə alqı-satqıya üstünlük verirlər. Belə qeyri-müəyyən şəraitdə sıravi vətəndaşların qarşısında “maşın almaq, yoxsa əlindəki avtomobili satıb gözləmək daha doğru seçimdir?” sualı aktuallaşır.

Ölkənin avtomobil bazarındakı mövcud vəziyyətini və alıcıların diqqət yetirməli olduqları məqamları “Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası” (AADA) İdarə Heyətinin sədri Eyyub Əliyev Patrul.az-a açıqlamasında öz təcrübəsinə əsaslanaraq bölüşüb.

Onun sözlərinə görə, avtomobilin istehsal tarixi onun qiymətinə ciddi təsir göstərən əsas amillərdən biridir:

“Son illərdə Azərbaycanın avtomobil bazarında fərqli hallar müşahidə olunur. Yəni ənənəvi qaydalardan kənara çıxmalar çoxalıb. Avtomobillərin satışı ölkəmizdə ilin əvvəlindən təxminən 3 ay sonra daha aktivləşir. Bu, daha çox yeni avtomobillərə aiddir. Konkret olaraq, yeni avtomobillərin alışı mart ayının sonu və apreldən etibarən artır. Bunun əsas səbəbi isə avtomobilin istehsal ilinin daha yeni olmasıdır. Bir sözlə, müştəri 2026-cı ildə istehsal olunmuş avtomobili nəzərə alaraq seçim edir. 2025-ci il istehsalı olan, lakin sıfır vəziyyətdə olan avtomobil isə artıq istehsal ilinə görə daha aşağı qiymətlə təklif oluna bilər”.

E. Əliyevin sözlərinə görə, hazırkı bazar şəraitində avtomobil alışı zamanı risklər daha çox zəmanət və servis məsələləri ilə bağlıdır:

“Bazarın cari vəziyyətində avtomobil alarkən əsas məsələ satıcının və ya dilerin etibarlılığıdır. Söhbət sıfır avtomobildən getdiyi üçün tanınmayan və ya etibarsız satıcıdan alış risklidir. Əgər avtomobil zəmanətsiz alınırsa, onun servis xidmətinin kim tərəfindən təmin ediləcəyi, ehtiyat hissələri üçün hara müraciət olunacağı dəqiq bilinmirsə, bu, ciddi risk amilləridir. Amma biz zəmanətli və güvənilir servis mərkəzinə sahib şirkətdən avtomobil alırıqsa, burada risklər minimuma enir”.

media-inshot_20260507_144741178

Sədr həmçinin yaxın 6 ay ərzində avtomobil bazarında qiymətlərin artıb-artmayacağı ilə bağlı da proqnozunu bölüşüb:

“Hazırda stoklarda yetərincə avtomobil mövcuddur – istər rəsmi dilerlər, istərsə də qeyri-rəsmi idxalçılar tərəfindən. Yaxın dövrdə avtomobil qiymətlərində ciddi bahalaşma gözlənilmir. Ümumilikdə avtomobil bazarında qiymət artımını şərtləndirən bir neçə əsas amil var. Birincisi, istehsalçı zavodda avtomobilin maya dəyərinin artmasıdır. Yəni istehsal qiyməti yüksəldikdə, avtomobilin satış qiyməti də artır.

İkinci amil isə model və komplektasiyalardakı dəyişikliklərdir. Məsələn, eyni model avtomobilin 2025-ci il versiyası ilə 2026-cı il versiyası arasında əlavə funksiyalar və ya texniki yeniliklər olarsa, bu da qiymət artımına səbəb olur.

Üçüncü mühüm amil logistika xərcləridir. Xüsusilə regional gərginliklər və müharibə vəziyyətləri (məsələn, İran istiqaməti) avtomobillərin daşınma xərclərinə birbaşa təsir göstərə bilər.

Bundan əlavə, ölkə daxilində gömrük və vergi rüsumlarında dəyişikliklər baş verərsə, bu da avtomobil qiymətlərinin artmasına gətirib çıxara bilər. Sadalanan bu hallar baş vermədiyi müddətdə avtomobil bazarında ciddi qiymət artımı gözlənilmir”.

Həmsöhbətimiz Azərbaycan bazarında avtomobilin investisiya kimi dəyərləndirilməsini də məqsədəuyğun hesab etmir:

“Avtomobil investisiya baxımından stabil və etibarlı bir aktiv deyil. Biz bu gün bazardan sıfır avtomobil alıb onu istifadə etməsək belə, adına rəsmiləşdirildiyi üçün ən azı 2000 manat dəyər itkisi müşahidə olunur. Yəni avtomobil investisiya üçün ideal əmlak növü sayılmır.

Lakin bazarda bəzi insanlar “hansı avtomobili satanda daha çox qazanc əldə edə bilərəm?” kimi yanaşmalar edirlər. Məsələn, “40 000 manata alınan avtomobil 2 il istifadə edildikdən sonra 30 000 və ya 25 000 manata satıla bilərmi?” kimi müqayisələr aparılır. Amma ümumilikdə avtomobilə investisiya kimi yanaşmaq doğru deyil”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər