Azərbaycanda dron texnologiyaları: Operativ monitorinq və effektiv istifadə
Son illərdə texnologiyanın sürətli inkişafı həyatımızın müxtəlif sahələrinə təsirini artırır. Xüsusilə dron texnologiyaları ilkin olaraq əyləncə və hərbi məqsədlərlə tətbiq edilsə də, bu gün artıq kənd təsərrüfatı, logistika və şəhər idarəçiliyi kimi sahələrdə də geniş şəkildə istifadə olunur.
Bəs Azərbaycanda dron texnologiyalarının bu sahələrdə tətbiqi hazırda hansı mərhələdədir və gələcəkdə necə inkişaf edəcək?
Texnoloq Elvin Həsənov Patrul.az-a açıqlamasında bildirib ki, hazırda Azərbaycanda dronlar kənd təsərrüfatı və logistika da daxil olmaqla bir sıra sahələrdə effektiv şəkildə tətbiq olunur:
“Azərbaycanda dron texnologiyalarının tətbiqi artıq nəzərəçarpacaq dərəcədə genişlənib və müxtəlif sahələrdə real nəticələr verir. Ən çox irəliləyiş müşahidə edilən sahələrə kənd təsərrüfatı, logistika, mühafizə xidməti və şəhər idarəçiliyini misal göstərmək olar. Kənd təsərrüfatında dronların istifadəsi artıq rutinə çevrilir. Fermerlər böyük əraziləri piyada gəzmək əvəzinə bir neçə dəqiqəyə dron vasitəsilə monitorinq edə bilirlər. Hətta gübrələmə və dərmanlama işləri də dronlarla həyata keçirildiyi üçün həm vaxt qənaət olunur, həm ziyanvermə riski azalır, həm də daha effektiv nəticə əldə edilir. Logistikada dron istifadəsi hələ test mərhələsindədir. Bir neçə şirkət tibbi nümunələrin, kiçik bağlamaların və sənədlərin dron vasitəsilə çatdırılması üzrə sınaqlar aparır”.
Texnoloq onu da vurğulayıb ki, dronlar şəhər idarəçiliyində yol hərəkəti və infrastruktur monitorinqində operativliyi artırır:
“Texnologiya hazır olsa da, hava məkanının tənzimlənməsi, uçuş icazələri və təhlükəsizlik qaydalarının tam formalaşdırılması prosesi davam edir. Yaxın illərdə bu sahədə daha geniş tətbiq görəcəyimiz gözlənilir. Şəhər idarəçiliyində isə dronlardan artıq gündəlik işlərdə istifadə olunur. Bu cihazlar vasitəsilə yol hərəkətinə nəzarət, infrastruktur obyektlərinin monitorinqi, fövqəladə hallar zamanı ərazilərin qiymətləndirilməsi və digər proseslər daha operativ şəkildə həyata keçirilir. Bu isə həm sürət, həm təhlükəsizlik, həm də əlavə insan resursu xərclərinin azalması baxımından böyük üstünlükdür”.
Cəmilə Cəfərzadə






