"Azərbaycanda niyə bütün dükanlar "market" adlandırılmalıdır?" - Anar Rzayev
“”Dilimizin qorunması haqqında” qanuna əsasən, bütün reklamlarda yazılar əvvəlcə Azərbaycan dilində olmalı, daha sonra isə digər dillərdən sözlər istifadə olunmalıdır. Təəssüflər olsun ki, buna riayət olunmur”.
Patrul.az xəbər verir ki, bu sözləri Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev Parlamentin təşkilatçılığı ilə keçirilən “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı konfransda deyib.
A.Rzayev çıxışı zamanı həmçinin “dükkan” sözünün “market” adlandırılmasının yanlış olduğunu bildirərək, Azərbaycan dilinə ingilis və rus dillərindən xeyli sözün keçməsi ilə bağlı narahatlığını da dilə gətirib:
“Başa düşmürəm ki, Azərbaycanda niyə bütün dükanlar “market” adlandırılmalıdır? Deyirlər, turislər üçün belə deyilir. Məgər turist bunu ayırd edə bilmir? Turist bu qədərmi kütdür ki, qarpız-yemişi digər satış məntəqələrindən ayıra bilməsin? Niyə mütləq “market” olmalıdır? Nə qədər ki, bu kimi sözlər televiziya və radio vasitəsilə dilimizə daxil olur, rus və ingilis dillərindən artıq sözlər dilimizə keçəcək”.
Yazıçı çıxışında Azərbaycan lüğətində beynəlxalq sözləri istisna etməklə, Azərbaycan türkcəsini yad dillərin təsirindən qorumağın vacibliyini vurğulayıb:
“Beynəlxalq terminlər var, amma ingilis dilindən hər sözü lüğətimizə daxil edə bilmərik. Bu baxımdan, bizim əsas vəzifəmiz dilimizi qorumaqdır. Dili qorumaqda ədəbiyyatın rolu böyükdür”, – deyə o, əlavə edib.






