media-inshot_20250923_161657870

İsrailin “Eurovision 2026” mahnı müsabiqəsində iştirakına bir sıra ölkələr boykotla cavab verəcəyini açıqlayıb.

Patrulaz.az xəbər verir ki, bu mövzuya Azərbaycan da münasibət bildirib. Azərbaycanın Eurovision nümayəndə heyətinin media meneceri Turab Teymurov bildirib ki, Azərbaycan siyasətə qarışmır və müsabiqədə iştirakını digər ölkələrin iştirak edib-etməməsindən asılı etməyəcək:

“Bizim iştirakımız hər hansı ölkənin müsabiqədə iştirak edib-etməməsindən asılı deyil. Biz siyasətə qarışmırıq”, -deyə o bildirib.

Qeyd edək ki, Azərbaycan 2025-ci ildə İsveçrənin Bazel şəhərində keçirilən müsabiqədə münsiflər heyətinin səsverməsində İsrailə 12 xal verib. Azərbaycanın bu qərarı İsraili boykot edən ölkələrin vətəndaşları arasında narazılıqla qarşılanıb. Xüsusən də qardaş ölkə Türkiyənin sosial media hesablarında bununla bağlı onlarla mənfi rəylər yazılıb.

Bununla yanaşı, bir çox ölkələrin ictimai yayımçıları İsrailin “Eurovision”a qatılması halında 2026-cı il müsabiqəsində iştirak etməyəcəklərini açıqlayıblar. İspaniyanın mədəniyyət naziri Ernest Urtasun ölkənin iştirakını şübhə altına alaraq İsrailin müsabiqəyə qatılması üçün konkret addımların atılmalı olduğunu bildirib.

Sloveniya, İspaniya, Islandiya, İrlandiya və Hollandiya Qəzzada baş verən hadisələrə görə İsrailin iştirak edəcəyi təqdirdə 2026 Avroviziya Mahnı Müsabiqəsində iştirak etməyəcəklərini açıqlayıblar.

Xatırladaq ki, “Eurovision 2026”nın yarımfinalları mayın 12 və 14-də, finalı isə mayın 16-da Avstriyanın paytaxtı Vyanada keçiriləcək.

Qeyd edək ki, 2023-cü il oktyabrın 7-dən etibarən İsrailin Qəzzaya davam edən hücumları nəticəsində 64 mindən çox insan həyatını itirib, aclıqdan ölənlərin sayı isə 348-ə çatıb.

Beynəlxalq ictimaiyyət İsrailin Eurovision-da iştirakına etirazını artırır. Son müsabiqədə tamaşaçılar etiraz əlaməti olaraq fit çalıb və İsrail sənətçiləri səhnəyə çıxdıqda Fələstin bayraqlarını dalğalandırıblar.

Gülbəniz Səfərova


Bənzər xəbərlər