"Azərsu"yun təmirindən sonra asfaltsız qalan Xırdalan yolu palçıq içində qalıb - FOTOLAR
Xırdalanda “Azərsu”yun kanalizasiya təmirindən sonra asfalt örtüyü olmayan yol palçıq içində qalıb.
Patrulaz.az-a daxil olan məlumata görə, Hacı Zeynalabdin Tağıyev küçəsində yolun palçıqlı qalmasının səbəbi “Azərsu”yun kanalizasiya sistemində aparılan təmir işlərindən sonra yolu asfaltla bərpa etməməsi olub.
Məlumata görə, bu küçədə yay boyu kanalzasiya bərpa işləri aparılır. Təmirdən əvvəl yol asfalt örtüklü olsa da, “Azərsu” ASC işləri başa çatdırdıqdan sonra yolu bərpa etməyib.
Redaksiyamıza daxil olan fotolarda da görünür ki, asfaltsız qalan yol palçığa bürünüb.
Sakinlər həm piyadaların həm də nəqliyyat vasitələrinin sözügedən yolda hərəkət etməkdə çətinlik çəkdiklərini bildiriblər.
Problem üzrə isə vətəndaşlar “Azərsu” ASC-yə müraciət edib. Cavabında isə büdcədə vəsaitin tükəndiyi bildirilib və asfalt örtüyün yalnız yeni ilin əvvəlində vurulacağı qeyd edilib.
Hazırda problem bir aydan çoxdur davam edir və ərazidə yaşayanlar gündəlik həyatlarında ciddi çətinliklər çəkirlər.

Gülbəniz Səfərova






