Badamdarda “Mandarin” uşaq bağçasında azyaşlı yelləncəkdən yıxılaraq ağır xəsarət aldı - VİDEO
Badamdar qəsəbəsində fəaliyyət göstərən özəl “Mandarin” uşaq bağçasında ciddi narazılıq doğuran hadisə baş verib.
Patrulaz.az-a daxil olan məlumata görə, 2022-ci il təvəllüdlü Selin Əhmədzadə adlı azyaşlı bağçanın həyətindəki yelləncəkdən yıxılıb və çiyin nahiyəsindən ciddi xəsarət alıb. Tibb müəssisəsində aparılan rentgen müayinəsi nəticəsində uşağın körpücük sümüyünün orta hissəsində yerdəyişmiş sınıq müəyyən edilib.
Valideynlərin iddiasına görə, hadisə uşaq nəzarətsiz qaldığı vaxt baş verib. Daha da narahatedici məqam odur ki, azyaşlının ciddi xəsarət almasına baxmayaraq bağça rəhbərliyi dərhal heç bir ilkin tibbi tədbir görməyib. Bildirilir ki, həmin vaxt bağçanın tibb mütəxəssisi işdə olmayıb, buna baxmayaraq, uşağın saatlarla ağlamasına rəğmən valideynlərə məlumat verilməyib.
İddialara əsasən, bağça rəhbərliyi uşağa sadəcə çay verərək onu yatızdırmağa çalışıb və bu yolla məsələni ört-basdır etmək niyyətində olub.
Bu cür yanaşma bir sıra suallar doğurur:
– Bağçada uşaqların sayı çox olduğu halda, niyə təhlükəsizlik məqsədilə əlavə nəzarətçi heyət ayrılmayıb?
– Uşaq əyləncə vasitələrinin təhlükəsizlik standartlarına nə dərəcədə əməl olunur?
– Belə ciddi xəsarət zamanı valideynlərə məlumat verməmək hansı məsuliyyətlə izah oluna bilər?
Qeyd edək ki, özəl bağçalar özlərini tez-tez yüksək səviyyəli xidmət göstərən müasir təhsil müəssisələri kimi təqdim etsələr də, bu kimi hallar göstərir ki, bəzi hallarda təhlükəsizlik və keyfiyyət prinsipləri arxa plana atılır.
Məsul qurumların bu cür özəl təhsil müəssisələrinə nəzarəti gücləndirməsi, mütəmadi profilaktik yoxlamaların keçirilməsi və valideyn şikayətlərinə ciddi yanaşması vacibdir. Söhbət azyaşlıların sağlamlığı və təhlükəsizliyindən gedir.
Qarşı tərəf – “Mandarin” bağçasının da mövqeyini dərc etməyə hazırıq.






