Paytaxtda tarixi əhəmiyyətli məhəllələrdə aparılan qanunsuz söküntü işləri barədə RƏSMİ AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Bakı Baş Planına daxil olan tarixi məhəllələrdəki Tolstoy və Axundov küçələrində qanunsuz söküntü işləri aparılır. Sözügedən küçələrdəki tarixi əhəmiyyətə malik iki bina boşaldılıb və söküntü işlərinə start verilib.
Maraqlıdır ki, bu binalar Bakı şəhərinin 2040-cı ilədək təsdiq olunmuş Baş Planına görə xüsusi qorunma zonasında yerləşir. Planın tələblərinə əsasən, tarixi məhəllələrdə, o cümlədən bu küçələrdəki qədim tikililər qorunmalı və heç bir söküntü həyata keçirilməməlidir. Lakin redaksiyamıza daxil olan şikayətlərə görə, sözügedən ərazidə söküntü işləri aparılır və bununla da tarixi tikililərə bilərəkdən zərər vurulur.
Patrulaz.az vətəndaşların şikayətləri üzrə məsələyə aydınlıq gətirmək məqsədilə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə bu barədə sorğu ünvanlayıb.
Dövlət Xidməti Patrulaz.az-a cavabında sözügedən küçədəki obyektlərin tarixi əhəmiyyətə malik olduğunu təsdiqləyib.
Qurum məlumat verib ki, Yasamal rayonunda, o cümlədən sözügedən Axundov, Tolstoy və digər küçələrdəki tarixi-memarlıq abidəsi dövlət mühafizəsinə götürülüb. Monitorinqlər nəticəsində dövlət qeydiyyatında olmayan bir sıra tikililər də yeni aşkar edilmiş abidə kimi qeydə alınıb. Bu obyektlər Ekspert Şura tərəfindən AMEA-ya təqdim olunub, AMEA isə 33 obyektin dövlət mühafizəsinə alınmasına müsbət rəy verib. Eyni zamanda, Dövlət Xidməti əvvəlcədən sözügedən ünvanlarda söküntü işləri ilə bağlı aidiyyati dövlət orqanları ilə birgə yerində araşdırma apardığını qeyd edib. Araşdırma nəticəsində tarixi abidələrin və yeni aşkar olunmuş abidələrin müəyyən olunaraq, siyahısının aidiyyatı qrumlara təqdim edildiyi bildirilib:
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarına əsasən Bakı şəhərinin Yasamal rayonu Azərbaycan prospekti, Süleyman Tağızadə, Mirzə Fətəli Axundov, Lev Tolstoy, Murtuza Muxtarov, Rza Quliyev, Nizami, Zərgərpalan, Həzi Aslanov, Əlövsət Quliyev, Bəşir Səfəroğlu, Vidadi və Çingiz Mustafayev küçələrində dövlət mühafizəsinə götürülmüş 72 tarixi-memarlıq abidəsi var.
Əlavə olaraq, qeyd olunan ərazidə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilən monitorinqlər zamanı dövlət qeydiyyatında olmayan bir sıra tarixi, mədəniyyət və memarlıq əhəmiyyəti daşıyan tikililər yeni aşkar edilmiş abidə qismində qeydə alınıb. Həmçinin Azərbaycan Memarlar İttifaqı tərəfindən də həmin ünvanlarda yerləşən müəyyən tikililərin daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilməsi ilə bağlı Dövlət Xidmətinə müraciət ünvanlanıb.
Tarixi, mədəniyyət və memarlıq əhəmiyyəti kəsb edən həmin tikililərin Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert şurasında baxılaraq, Azərbaycan Milli Elmlər Akademiyasına təqdim olunub. AMEA tərəfindən isə 33 obyektin dövlət mühafizəsinə götürülməsinə müsbət rəy verilib.
Eyni zamanda, Dövlət Xidməti əvvəlcədən sözügedən ünvanlarda söküntü işləri ilə bağlı aidiyyəti dövlət orqanları ilə birgə yerində araşdırma aparıb. Tarixi abidələrin və yeni aşkar olunmuş abidələrin mühafizəsi məqsədilə onların siyahıları və müvafiq məlumatları aidiyyəti üzrə təqdim olunub. Eyni zamanda, söküntü işləri ilə əlaqədar yaradılmış komissiyada aidiyyəti dövlət orqanları ilə yanaşı, Dövlət Xidməti də təmsil olunur və abidələrin qorunması istiqamətində birgə tədbirlər görülür.
Bir daha qeyd edirik ki, sözügedən ərazidə yerləşən dövlət mühafizəsində olan hər hansı tarix-mədəniyyət abidəsinin və yeni aşkar edilmiş abidənin sökülməsi nəzərdə tutulmur”.
Gülbəniz Səfərova, Cəmilə Cəfərzadə






