"Bəzi kişi aparıcılar efirdə 'bazar arvadı' kimi qeybət edir" - Əməkdar jurnalist
“Bir vaxtlar mənəvi-etik çərçivə ilə aparılan verilişlərin yerini bu gün, təəssüf ki, heç bir norma və dəyər tanımayan proqramlar alıb. Bu isə təkcə televiziyanın deyil, bütövlükdə cəmiyyətin dəyərlərinə qarşı təhlükədir”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü, əməkdar jurnalist Azər Həsrət deyib.
Əməkdar jurnalist televiziya və radio sahəsindəki əvvəlki verilişlərlə müasir proqramları müqayisə edərək, ekran texnologiyalarında ciddi irəliləyişlərin əldə olunduğunu vurğulayıb. Lakin o, bu inkişafla paralel olaraq, ekran dilində və məzmun keyfiyyətində bir sıra problemlərin artdığını da qeyd edib:
“Jurnalistlər media adamı olmaqdan öncə hər kəs kimi tamaşaçı və dinləyicidirlər. 30 ildən artıqdır ki, medianın içindəyəm və bu gün İctimai Televiziyanın Yayım Şurasının üzvü kimi televiziya sahəsində aparılan dəyişiklikləri və inkişafı müqayisə etmək imkanım var. Bizim uşaqlıq illərindəki televiziya ilə bu günkü ekranlar arasında ciddi fərqlər var.
Texnologiyanın inkişafı ilə televiziyada mühüm irəliləyişlər əldə olunub. Lakin bu irəliləyişlər təkcə müsbət nəticələr gətirməyib – özlüyündə bir sıra problemləri də ortaya çıxarıb”.

Azər Həsrət əvvəlki dövrdə də ailə-məişət mövzularında verilişlərin olduğunu xatırlatdı. Lakin o bir zamanlar izləyicilərin diqqətini çəkən “Ailələr, Talehlər” verilişinin ekran üslübuna olan uyumunu misal çəkərək, onu digər ekrana zidd davranışları ilə gündəmi zəbt etməyə çalışan verilişlərlə müqayisə etdi:
“Əvvəllər də ailə-məişət mövzuları televiziyada və radioda geniş yer alırdı. Məsələn, Nailə İslamzadənin Azərbaycan Dövlət Televiziyasında apardığı “Ailələr, Talelər” verilişi çox sevilirdi və böyük maraqla izlənilirdi. Həmin proqramda da bu günün bəzi şoularında müzakirə olunan məsələlərə toxunulurdu – insan taleləri, ailə problemləri və digər sosial mövzular. Lakin əsas fərq ondadır ki, Nailə İslamzadə bu mövzuları yüksək intellekt, ədəblilik və mədəniyyət çərçivəsində təqdim edirdi. Elə bu səbəbdən də onun verilişinə qarşı tənqidi fikir səsləndirmək belə mümkün deyildi. Üstəlik, o dövrün verilişlərini bütün ailə üzvləri birlikdə rahatlıqla izləyə bilirdi. Çünki “Ailələr, Talelər” kimi proqramlarda heç vaxt həddi aşan ifadələrə yer verilmirdi. Təəssüf ki, bu sözləri bu günkü televiziya verilişləri haqqında demək çətindir.
Əlbəttə, istisnalar var. Bu gün də etik və mənəvi cəhətdən dəyərli proqramlar yayımlanır. Lakin onların sayı çox azdır. Əksər verilişlər küçə səviyyəsinə endirilir, müzakirələr isə şou naminə “saçyoldu” səhnələrinə çevrilir”.
Jurnalist bəzi ekran nümayəndələrini, xüsusilə də kişi aparıcıları efirdə qeyri-etik davranış sərgilədiklərinə və verilişlərini qeybət məkanına çevirdiklərinə görə kəskin narazılığını dilə gətirir. Onun fikrincə, aparıcıların bu cür hərəkətləri tamaşaçılarda ikrah hissi doğurur və nəticədə onları ekrandan uzaqlaşırdırır:
“Təəccüblüdür ki, bəzi aparıcılar kişi cinsindən olmalarına baxmayaraq efirdə “bazar arvadı” kimi qeybət edir, mənasız mübahisələrə girir və tamaşaçıda ikrah hissi yaradır. Belə hallarda insan efirdən, hətta televiziyanın özündən soyuyur.
Bəzən kişiliyini davranışı, jesti və mimikası ilə tamamilə itirmiş şəxslərin aparıcı kimi efirə çıxarıldığını görürük. Əslində, belə şəxslərin efirə buraxılması yolverilməzdir. Çünki televiziya ekranı təsadüfi insanların yox, xarakteri və düşüncəsi ilə seçilən, ictimai nümunə ola biləcək şəxslərin məkanı olmalıdır”.
İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü Azər Həsrət sonda, efir mədəniyyətinin ekran qarşısında oturanlar və yetişəcək nəsil üçün əhəmiyyətini vurğulayaraq, dövlətin bütün bunlarla bağlı tədbirlər görülməsini tövsiyyə edir:
“Unutmamalıyıq ki, efirdə görünən hər bir şəxs yetişməkdə olan nəslin gözündə örnəkdir, yəni bir növ “mayak” rolunu oynayır. Buna görə də televiziya üçün seçilən simalar ciddi şəkildə yoxlanılmalı, intellekti, həyat tərzi və dəyərlərə yanaşması nəzərə alınmalıdır.
Ancaq bu gün əksini görürük. Ömründə bircə dəfə belə roman oxumayan insanlar ekranda əyləşib başqalarına ağıl öyrətməyə çalışır. Hətta normal, sabit ailə həyatı olmayan, dəfələrlə evlənmiş şəxslərin ailə dəyərlərindən danışdığının şahidi oluruq. Dövlətin bu məsələyə müdaxilə etməsi və efirdə yayımlanan verilişlərə nəzarətin gücləndirilməsi vacibdir”.
Gülbəniz Səfərova






