Bu klubda süni intellektə görə baş məşqçi istefaya göndərildi
Rusiyanın “Soçi” klubu baş məşqçi Robert Moreno ilə yollarını ayırıb.
Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, qərara səbəb ispan mütəxəssisin məşqlərdə, transfer siyasətində və oyun planlaşdırmasında süni intellektdən həddindən artıq istifadə etməsi olub.
Klub daxilində ciddi narahatlıq doğuran əsas məqam Morenonun vacib qərarları süni intellektlə işləyən sistemlərə etibar etməsi kimi göstərilir. Bildirilir ki, 48 yaşlı məşqçi təkcə taktiki planlamada deyil, gündəlik məşq və səfər cədvəllərinin hazırlanmasında da bu texnologiyadan yararlanıb.
“Soçi”nin keçmiş idman direktoru Andrey Orlovun sözlərinə görə, Moreno bəzi planlaşdırmalar üçün ChatGPT-dən istifadə edib. Nəticədə hazırlanan cədvəl futbolçular arasında narazılıq yaradıb. İddialara əsasən, oyunçuların təxminən 28 saat yatmaq imkanı olmayıb, səhər saat 5-də duraraq saat 7-də məşqə çıxmalı olublar.
“Cədvələ baxanda gördüm ki, futbolçular 28 saat yatmayıblar. Onlar səhər tezdən oyanıb məşqə çıxmalı idilər və bunun səbəbini anlaya bilmirdilər”, – deyə Orlov bildirib.
Məlumata görə, Moreno transfer seçimlərində də süni intellektin tövsiyələrinə əsaslanıb. Bu çərçivədə komandaya cəlb edilən qazaxıstanlı hücumçu Artur Şuşenaçev “Soçi”də keçirdiyi 10 oyunda qol vura bilməyib və cəmi bir mövsümdən sonra klubdan ayrılıb.
Qeyd edək ki, Robert Moreno Rusiya Premyer Liqasındakı son mövsümündə “Soçi”nin baş məşqçisi kimi keçirdiyi 7 oyunda cəmi 1 xal toplaya bilib. Zəif nəticələrdən sonra klub rəhbərliyi ispan mütəxəssislə yolları ayırmaq qərarına gəlib.
Gülbəniz Səfərova






