Bu küçədə yaşayan sakinlər üfunət iyindən evlərini satmaq istəyir - VİDEO
Abşeron rayonunun Masazır qəsəbəsi, Hüseynov Arif 32 ünvanındakı küçədə sakinlər kanalizasiya sisteminin yararsız vəziyyətdə olması səbəbindən üfunət iyindən əziyyət çəkirlər.
Patrulaz.az-a daxil olan məlumata görə, Hüseynov Arif küçəsində fəaliyyət göstərən “A+ Market”, “Bərbərim” və “Nil Beauty” kimi obyektlərin qarşısı və ətraf məhəllələr kanalizasiya suları ilə dolub. Bu isə ərazidə antigigiyenik və yaşamaq üçün yararsız şərait yaradıb.
Vəziyyətdən narazı sakinin sözlərinə görə, daha əvvəl problem üzrə Azərsu Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarının kanalizasiya sisteminin düzəltməsinə baxmayaraq, onlar getdikdən sonra yenə eyni vəziyyət davam edib.
Görüntülərdə də kanalizasiya sularının məhəllənin dərinliklərinə doğru yayılması əks olunub. Üfunət iyindən narahat olan bəzi sakinlər, hətta bu səbəbdən evlərini belə satmağı düşünürlər.
Şikayətçilər Azərsu ASC-yə növbəti dəfə müraciət edərək, kanalizasiya sisteminin təcili şəkildə yenilənməsini və problemin birdəfəlik aradan qaldırılmasını xahiş edirlər.
Gülbəniz Səfərova






