Bu ölkədə yeni doğulan körpələrin diaqnoz və müalicəsi süni intellektlə idarə olunacaq
Türkiyənin İstanbul şəhərində yeni doğulmuş körpələrin diaqnostika və müalicə proseslərində süni intellekt texnologiyalarından istifadə olunacaq.
Patrul.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, İstanbul Vilayət Səhiyyə Müdirliyi tərəfindən bir il əvvəl istifadəyə verilən layihə çərçivəsində şəhərdəki bütün dövlət və özəl xəstəxanaları əhatə edən yeni sistem tətbiq olunacaq.
Layihənin əsas məqsədi yeni doğulmuş körpələrdə xəstəliklərin erkən aşkarlanması, düzgün diaqnozun qoyulması və müalicə prosesinin daha effektiv şəkildə idarə edilməsidir.
Yeni sistem vasitəsilə körpələrin tibbi müayinələri, risk analizləri, diaqnoz və müalicə mərhələləri süni intellekt tərəfindən izləniləcək və qiymətləndiriləcək. Riskli hallar aşkar edildikdə isə körpələr avtomatik şəkildə ən uyğun tibb müəssisələrinə yönləndiriləcək.
İstanbul Vilayət Səhiyyə Müdiri, dosent doktor Abdullah Emre Güner layihə ilə bağlı açıqlamasında bunun İstanbul üçün unikal təşəbbüs olduğunu bildirib. Onun sözlərinə görə, süni intellekt sistemi körpədə risk müəyyən etdikdə, onu yaşayış yerinə ən yaxın, tibbi imkanları daha geniş olan ikinci və üçüncü səviyyəli xəstəxanalara operativ şəkildə yönləndirəcək.
Qeyd olunur ki, layihə yeni doğulmuş körpələrin sağlamlığının qorunması, ağırlaşma risklərinin minimuma endirilməsi və səhiyyə xidmətlərinin daha çevik və koordinasiyalı şəkildə göstərilməsi baxımından mühüm əhəmiyyət daşıyır.






