Bu ölkələr Rusiya və Çinə qarşı kosmik müşahidə sistemi yaradır
Berlin və Kanberra kosmik müdafiə sahəsində əməkdaşlığa dair saziş imzalamağa hazırlaşır. Almaniya və Avstraliya hərbi-kosmik qüvvələr üzrə əməkdaşlığı genişləndirərək Rusiya və Çini izləməyə yönəlmiş kosmik sistem yaratmağı planlaşdırır.
Patrul.az xəbər verir ki, bu barədə “ABC” telekanalı məlumat yayıb.
Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, belə bir sistem baş verən proseslərdən vaxtında xəbərdar olmaq üçün vacibdir:
“Biz orada nə baş verdiyini bilməliyik. Öz sistemlərimizi qorumağın yeganə yolu budur. Bunu kosmosda erkən xəbərdarlıq sistemi də adlandırmaq olar”.
Nazir əlavə edib ki, Berlin və Kanberra silahlı qüvvələrin qarşılıqlı şəkildə bir-birinin ərazisində fəaliyyət göstərməsinə imkan verən razılaşma da imzalayacaq.
Bu gün hər iki sazişin imzalanması planlaşdırılır.
Pistoriusun sözlərinə görə, beynəlxalq qeyri-müəyyənlik və artan gərginlik fonunda Almaniya və Avstraliya kimi həmfikir ölkələrin əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir.
Xatırladaq ki, martın 19-da Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-nin hərbi-kosmik proqramını aqressiv adlandırmışdı. Onun fikrincə, Vaşinqton orbitdə balansın formalaşmasının qarşısını almağa çalışır.






