Bu tarixdə səmaya baxmağı unutmayın! - “Qanlı Ay” müşahidə olunacaq
Martın 3-də tam Ay tutulması hadisəsi baş verəcək.
Patrul.az-ın məlumatına görə, bu hadisə zamanı Yer Günəş və Ay arasında yerləşdiyi üçün Ay qırmızı-narıncı rəngə boyanacaq və səmada “Qanlı Ay” kimi tanınan maraqlı mənzərə yaranacaq.
Mütəxəssislər bildirirlər ki, tutulmanı daha aydın müşahidə etmək üçün parlaq işıqlardan uzaq, qaranlıq ərazilərə getmək tövsiyə olunur. Həmçinin durbin və ya teleskopdan istifadə edənlər Ayın səthində yaranan rəng dəyişimini daha yaxından görə biləcəklər.
NASA-nın məlumatına görə, Ay tutulması Yer kürəsinin kölgəsinin dolunay zamanı Ayın səthinə düşməsi nəticəsində baş verir. Günəş işığı Yer atmosferindən keçərkən qısa dalğa uzunluqları səpələnir, qırmızı və narıncı rənglər isə Ay səthinə çatır.
Bu səbəbdən Ay tutulması zamanı peykimiz qırmızımtıl, mis rəngli parıltı ilə görünür.
Gülbəniz Səfərova






