Burada yaşayan uşaqlar məktəbə, böyüklər isə işə getməkdə çətinlik çəkirlər - VİDEO
Masallı rayonunun Təzə Alvadı kənd sakinləri ağır infrastruktur problemləri daxilində yaşamağa çalışırlar. Kənd yollarının bərbad vəziyyətdə olması, palçıq içində qalması səbəbindən sakinlər gündəlik həyatlarında çətinlik çəkirlər. Xüsusilə yağışlı havalarda yollar keçilməz hala düşür, nəticədə uşaqlar məktəbə, böyüklər isə işə gedə bilmir.
Əlavə olaraq sakinlərin Patrulaz.az-a bildirdiyinə görə, kəndin məhəllələrinə qaz xətləri çəkilsə də, indiyə qədər evlərə qaz verilməyib. Bu isə qış aylarında kənd əhalisinin vəziyyətini daha da çətinləşdirib. Onlar illərdir problemlərinin həll olunmasını gözlədiklərini, lakin indiyə qədər heç bir addım atılmadığını bildirirlər.
Kənd sakinləri müvafiq qurumlara müraciət edərək yolların təmir olunmasını və qaz verilişinin təmin edilməsini xahiş edirlər. Onlar ümid edirlər ki, dövlət orqanları bu məsələyə tezliklə reaksiya verəcək və problemləri aradan qaldıracaqlar.