media-inshot_20251104_211547906

Son zamanlar süni intellekt alətlərinə, o cümlədən ChatGPT-yə hüquqi və tibbi məsələlər barədə məlumat vermək qadağan edilib. Bu qərar bəzi mübahisələrə səbəb olub.

Bəs sizcə, bu məhdudiyyətin əsas səbəbi nədir?

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli bu barədə Patrulaz.az-a açıqlamasında bildirib ki, bu qadağa insanların yanlış yönləndirilməsinin və mənfi nəticələrin qarşısını almağa xidmət edir:

“Düşünürəm ki, ChatGPT heç bir halda insan düşüncəsini əvəz edən bir alət deyil. Bu, daha çox internetdən toplanan məlumatlar əsasında insana yardımçı olan bir vasitədir. Belə olan halda, xüsusilə hüquqi və tibbi məsələlərdə insanlar bəzən ChatGPT vasitəsilə yanlış yönləndirilirlər. Nəticədə, onlar ChatGPT-dən gələn yanlış məlumat əsasında hərəkət edir və bu da sonradan hüquqi və tibbi cəhətdən mənfi təsir göstərə bilir.

Bu baxımdan, ChatGPT-nin özü də bildirir ki, onun verdiyi məlumatlar mütləq həqiqət deyil, sadəcə yol göstərən anlayışdır, bir vasitədir. Belə olan təqdirdə, ChatGPT-nin, yəni “OpenAI” şirkətinin hüquqi və tibbi məsələlərə dair məlumatların verilməsini qadağan etməsi çox mütərəqqi bir addımdır. Çünki onlar da görüblər ki, son illərdə insanlar ChatGPT-nin verdiyi yanlış məsləhətlər nəticəsində yönləndiriliblər və bu da onlara həm həyati, həm də hüquqi cəhətdən ciddi zərbələr vurub”.

media-inshot_20251104_211306123

H. Heydərli insanların ChatGPT-dən aldıqları məlumatları mütəxəssislərlə dəqiqləşdirməli olduqlarının vacibliyini vurğulayıb:

“Bu halda, təbii ki, Azərbaycan insanı da düşünməlidir ki, ChatGPT-dən aldığı məsləhətləri mütləq həkimlə və ya hüquqşünasla dəqiqləşdirməlidir. Bəzən biz görürük ki, ChatGPT hər hansı bir məsələni səhv yönləndirdikdə və bu fakt ortaya qoyulduqda, səhvini etiraf edir və mövqeyini dəyişir. Bu da onu göstərir ki, oradakı məlumatlar mütləq həqiqət deyil.

Təkcə hüquqi və tibbi məsələlərdə deyil, ümumiyyətlə, istənilən mövzuda ChatGPT-yə sual verərkən biz diqqətli və şübhəli davranmalıyıq. Media savadlılığı baxımından da bu vacibdir, çünki media savadlılığı bizdən bütün məlumatlara şübhə ilə yanaşmağı tələb edir. Biz cəmiyyəti bu istiqamətdə maarifləndirməliyik ki, ChatGPT-dən aldığı məlumatlarla yanlış istiqamətə yönəlməsin”.

Ekspertin sözlərinə görə, bu qərar süni intellektin məsuliyyətli və etibarlı şəkildə inkişaf etdirilməsi zərurətindən irəli gəlir:

“Hüquqi və tibbi məsələlərə dair məlumatların qadağan edilməsi onu göstərir ki, bu problem təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində mövcuddur. Yanlış yönləndirmələr “OpenAI” şirkətinin nüfuzuna da zərər vurur, bu səbəbdən də dünyada bununla bağlı məhkəmə prosesləri keçirilir. Onların belə addım atması göstərir ki, vəziyyət ciddidir və növbəti mərhələlərdə öz fəaliyyətlərinə daha ciddi, daha korrekt və daha dolğun yanaşmağa çalışacaqlar”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər