media-inshot_20250922_124403200

Süni intellekt əsaslı chatbotların həyatın müxtəlif sahələrinə nüfuz etməsi artıq ailə münasibətlərində də böhranlara yol açmağa başlayıb.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, evlilik problemləri ilə bağlı ChatGPT-yə müraciət edən bəzi cütlüklərin bir müddət sonra boşanma qərarı verdiyi üzə çıxıb.

15 illik evliliyini bitirmək ərəfəsində olan kişi yaşadıqlarını belə izah edib:

“Həyat yoldaşım mübahisələrimizi ChatGPT-yə danışır, sonra aldığı cavablarla mənə qayıdırdı. Zamanla bu, pis bir dövrəyə çevrildi. ChatGPT daim onun tərəfini saxlayır və məni günahkar göstərirdi. İndi ailəm dağılır və buna səbəb texnologiyadır,- deyə o ailəsinin dağılmasında Aİ-ni günahlandırıb.

Bənzər şikayətlərdə qeyd olunur ki, bəzi həyat yoldaşları chatbotdan mübahisələrdə “hakim” kimi istifadə edir, hətta uşaqların gözü qarşısında qarşı tərəfi susdurmaq üçün ona müraciət edirlər. Digərləri isə saatlarla süni intellekt vasitəsilə aparılan monoloqlara məruz qaldıqlarını bildiriblər.

Stanford Universitetinin mütəxəssisi, professor Anna Lembke, məsələ ilə bağlı xəbərdarlıq edərək süni intelleketin cütlüklərin münasibətlərində böhran yaratdığını təsdiqləyib:

“Əsl terapevt insanın kor nöqtələrini göstərməklə yanaşı, empatiya və konstruktiv tənqid təklif edir. Süni intellekt isə yalnız istifadəçinin baxış bucağını təsdiqləyir. Bu, cütlüklər arasındakı uçurumu dərinləşdirir”,- deyə professor bildirib.

Digər hallarda isə ChatGPT-yə həddindən artıq müraciət edən şəxslərin müalicəni yarımçıq qoyması və aqressiv davranışlar sərgiləməsi faktı da qeydə alınıb.

Qeyd edək ki, OpenAI isə məsələ ilə bağlı açıqlama yayaraq istifadəçilərin xüsusilə böhran dövrlərində tez-tez ChatGPT-yə üz tutduğunu qəbul edib. Şirkət təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini və böhran vəziyyətlərində peşəkar dəstək xidmətlərinin genişləndiriləcəyini bildirib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər