media-inshot_20250924_202005353

Son günlər tələbələrin dərslərində süni intellektdən, xüsusilə də ChatGPT-dən geniş istifadə etməsi diqqət çəkir. Bəziləri bunu öyrənməni asanlaşdıran vasitə saysa da, digərləri təhsilin keyfiyyətinə mənfi təsir göstərə biləcəyini vurğulayır. Bəs görəsən, ChatGPT təhsili inkişaf etdirir, yoxsa məhv edir?

Mövzu ilə bağlı təhsil eksperti Çingiz Səfərli Patrulaz.az-a açıqlamasında bildirib ki, ChatGPT təhsili məhv etmir, əksinə faydalı məlumatlar təqdim edir. Lakin ondan həddindən artıq istifadə şagirdlərin analiz qabiliyyətini zəiflədə bilər:

“Süni intellekt alətləri dövrümüzün ən böyük ixtiralarındandır, gündən-günə də daha çox populyarlıq qazanır və bütün sahələrə nüfuz edir. Təhsilə təsirləri də, təbii ki, hiss olunur. “Təhsili məhv edirmi və ya məhv edəcəkmi?” demək düzgün olmaz. Çünki süni intellektdən ağıllı şəkildə istifadə edildikdə, onun müsbət nəticələrini görə bilərik.

Bu gün hər hansısa bir mövzuda ona müraciət etdikdə, yaxşı və daha tez cavablar almaq mümkündür. Belə ki, dərs zamanı tədris olunan mövzunu yaxşı mənimsəməyən şagird evdə süni intellekt alətləri üzərindən araşdırma aparıb, özünü həmin mövzuda daha da təkmilləşdirə bilər. Eynilə də müəllimlərimiz tədris prosesində süni intellektdən səmərəli formada istifadə edə bilərlər. Lakin şagirdlərin ev tapşırıqlarını onun köməyilə həll etməsi, hər çətinə düşdükləri zaman problemlərinə çarə olaraq süni intellekti seçmələri onların analiz bacarıqlarımızı zəiflədə bilər.

Bunun üçün də məktəbdə müəllimlərin, evdə isə valideynlərin üzərinə böyük yük düşür. Daim nəzarət edilməlidir ki, uşaqlar süni intellektdən faydalı şəkildə, yəni nəsə öyrənmək üçün istifadə etsinlər. Texnologiyaların inkişafı şagirdlərin öyrənmə prosesinə zərbə vurmamalıdır.

Süni intellekt daim təkmilləşir, lakin onu düzgün idarə etmək, ona düzgün komandalar vermək üçün də oxumaq, öyrənmək, bilik və bacarıqlara yiyələnmək lazımdır”.

media-img-20250924-wa0110

Ç. Səfərli həmçinin ChatGPT-dən istifadə edərək müxtəlif mükafatlar qazananların olduğunu da vurğulayıb. Onun sözlərinə görə, bu nəhəng data bazasının qarşısını almaq mümkün deyil. Lakin təqdim olunan məlumatın süni intellektin məhsulu olub-olmadığını müəyyənləşdirmək üçün tədbirlər gücləndirilməlidir:

“Süni intellekt sadəcə “ChatGPT”, “Deepseek” və s. bu kimi platformalardan ibarət deyil, bu gün önəmli elmi araşdırmalarda, müxtəlif tədqiqatlarda ondan çox yaxşı formada istifadə olunur. Biz texnoloji inkişafın qarşısını ala və dayandıra bilmərik. Lakin hesab edirəm ki, ondan istifadəyə dair etik çərçivə sənədi də olmalıdır. Təəssüf ki, bu gün kimlərinsə elmi tədqiqat mövzularını süni intellektin köməyi ilə yazıb elmi adlar aldığını eşidirik. Bu, təkcə bizim ölkəmizdə baş vermir, nüfuzlu elmi jurnalların da belə problemləri var. Hesab edirəm ki, xüsusən elmi tədqiqat işlərinin yoxlanılması istiqamətində nəzarət tədbirləri artırılmalıdır.

Düşünürəm ki,süni intellekt nə qədər inkişaf etsə də, beyin məhsuluna və illərdir toplanan datalara əsaslanır. Əgər beyin məhsulu azalsa, bir müddətdən sonra özünü təkrarlayacaq. Bu baxımdan insan yaradıcılığı daha dəyərlidir, çünki orjinaldır.

Yekun olaraq qeyd edim ki, qapımızı süni intellektin üzünə tamamilə bağlamamlı, lakin təhlükəli tərəflərindən də məktəbi, təhsili qorumalıyıq ki, şagirdlərimiz daha savadlı olsunlar, onların təhlil qabiliyyətləri yüksək olsun”.

Nəticə olaraq, süni intellekti təhsildən kənarlaşdırmaq mümkün deyil. Vacib olan ondan necə istifadə edilməsidir. Əgər düzgün istiqamətləndirilsə, şagirdlərin öyrənmə prosesinə dəstək ola bilər, əks halda isə onların yaradıcılıq və təhlil bacarıqlarını zəiflədə bilər. Buna görə də balanslı yanaşma və ciddi nəzarət şərtdir.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər