media-inshot_20260205_205552031

Patrul.az-ın araşdırmalarına görə, süni intellektlə ünsiyyətdə istifadə olunan ifadə forması əldə olunan nəticələrin keyfiyyətinə birbaşa təsir göstərə bilər. Süni intellektlə ünsiyyətdə nəzakətli olmaq həmişə üstünlük hesab edilsə də, yeni bir elmi araşdırma bu yanaşmanı sual altına alıb. ABŞ-nin Penn Dövlət Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırma göstərir ki, ChatGPT-yə verilən kobud və birbaşa suallar bəzən daha dəqiq və effektiv cavablarla nəticələnir.

Araşdırmanın detalları:

Araşdırma çərçivəsində ChatGPT üzərində 250 sualdan ibarət test aparılıb. Suallar üç kateqoriyaya bölünüb: “çox nəzakətli”, “normal” və “çox kobud”. Nəticələr isə gözləniləndən fərqli olub.

Belə ki, “çox kobud” formada verilən suallar 84,8 faiz dəqiqlik göstəricisinə çatıb. Bu göstərici “çox nəzakətli” suallarda 80,8 faiz səviyyəsində qalıb. Tədqiqatçılar bildirirlər ki, “Zəhmət olmasa mənə deyə bilərsinizmi…” kimi uzun və nəzakətli ifadələr bəzən lazımsız söz yığını yaradır və süni intellektin əsas niyyəti daha gec anlamasına səbəb olur.

Əksinə, “Cavabı deyin” və ya “Bu barədə məlumat ver” kimi qısa və birbaşa ifadələr tapşırığın daha aydın ötürülməsinə imkan yaradır.

Mütəxəssislər vurğulayırlar ki, bu araşdırma nəzakətin əhəmiyyətsiz olduğunu göstərmir. Sadəcə olaraq, süni intellektlə ünsiyyətdə aydınlıq və konkretlik əsas amil kimi ön plana çıxır. Araşdırmanın nəticələri göstərir ki, ChatGPT-dən daha dəqiq cavab almaq üçün ifadə forması, tonundan daha vacib ola bilər.

Bu isə gələcəkdə süni intellektlə ünsiyyət mədəniyyətinə yenidən baxılmasına səbəb ola bilər.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər