Çilləni necə qarşılasan, ilin elə keçər: Azərbaycanın unudulan qış bayramı
Azərbaycan xalqının qədim inanclarına və təbiətlə bağlı yaşam tərzinə söykənən Çillə bayramı qış fəslinin ən sərt, eyni zamanda ən rəmzi dövrlərindən biri ilə bağlıdır.
Patrul.az-ın araşdırmasına görə, “Çillə” sözü fars mənşəli olub “qırx” mənasını verir və ilin ən soyuq qırx gününü ifadə edir. Xalq təqviminə görə Çillə qışın başlanğıcı hesab olunur və bu dövr təxminən dekabrın 21–22-dən etibarən başlayır.
Çillə bayramının kökləri İslamdan əvvəlki dövrlərə, xüsusilə də Zərdüştilik inanclarına gedib çıxır. Qədim insanlar təbiət hadisələrini həyatlarının əsas göstəricisi sayır, günəşin hərəkətini, gecə ilə gündüzün uzunluğunu diqqətlə izləyirdilər. Məhz qış gün dönümü – gecənin ən uzun, günün isə ən qısa olduğu tarix Çillənin başlanğıcı kimi qəbul olunurdu. Bu gün həm də işığın qaranlıq üzərində tədricən qələbəsinin rəmzi sayılırdı.
Xalq arasında Çillə üç hissəyə bölünür: Böyük Çillə, Kiçik Çillə və Boz ay. Böyük Çillə ən sərt soyuqların yaşandığı dövr hesab olunur və təxminən 40 gün davam edir. Bu müddətdə insanlar təbiətin çətin şərtlərinə uyğunlaşmaq üçün əvvəlcədən hazırlıq görər, evlərdə qış ehtiyatları saxlayar, ailə və qohumluq bağlarını daha da möhkəmləndirərdilər. Çillə gecələri xüsusilə əhəmiyyətli sayılır, ailə üzvləri bir süfrə arxasında toplaşar, söhbətlər edər, nağıllar danışılar, qədim inanclar yada salınardı.
Çillə bayramı yalnız soyuğun gəlişi deyil, həm də səbr, dözüm və birlik rəmzidir. Xalq inanclarına görə, Çilləni yaxşı qarşılayan insan ili də bərəkətli və rahat keçirər. Bu səbəbdən süfrələrdə quru meyvələr, çərəzlər, qarpız və nar kimi məhsullar yer alar, bolluq və firavanlıq arzulanardı. Qarpızın qış ortasında kəsilməsi isə “qışı yarmaq”, çətinliyi arxada qoymaq mənası daşıyırdı.
Bu gün Çillə bayramı rəsmi bayram kimi qeyd olunmasa da, Azərbaycanın bir çox bölgəsində xalq ənənəsi olaraq yaşadılır və nəsildən-nəslə ötürülür. Çillə, təbiətlə insan arasında qurulan qədim bağın, xalqın yaddaşında qorunan milli kimliyin və zəngin mədəni irsin bariz nümunəsidir.
Ləman Sərraf






