Çimərlikdə bu görüntülər narahatlıq yaratdı - VİDEO
Neftçala rayonunun Müşfiq qəsəbəsində yerləşən dəniz sahilində ictimai asayişi və vətəndaşların təhlükəsizliyini kobud şəkildə pozduğu iddia edilən sürücünün görüntüləri yayılıb.
Patrul.az-a daxil olan məlumata görə, hadisə iyulun 15-də saat 18:00 radələrində baş verib.
İddialara əsasən, 77-GM-206 dövlət qeydiyyat nişanlı “Toyota Hilux” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini dəniz sahili boyunca, suyun kənarı ilə idarə edərək çimərlikdə dincələn insanları narahat edib.
Hadisə şahidinin sözlərinə görə, avtomobildə olan şəxslərin əlində pivə şüşələri olub. İddiaya görə, qeyri-adekvat davranan sürücü avtomobili ərazidə istirahət edən vətəndaşların üzərinə sürərək təhlükəli vəziyyət yaradıb.
Çimərlikdə dincələn vətəndaşlar aidiyyəti qurumlardan hadisənin araşdırılmasını və sürücü barəsində qanunamüvafiq tədbirlərin görülməsini xahiş edirlər.
Qeyd edək ki, görüntülərdə azyaşlı uşaqlar da olduğu üçün video etik səbəblərlə qısa çəkilib.
Gülbəniz Səfərova






