"WhatsApp"da yeni funksiya: Kimin onlayn olduğunu öyrənmək asanlaşacaq
“Meta” şirkətinə məxsus mesajlaşma platforması olan “WhatsApp” istifadəçilərin onlayn statusunu daha asan müəyyən etməyə imkan verən yeni funksiyanı istifadəyə verib.
Patrul.az xəbər verir ki, yeniliyə əsasən, artıq kiminsə onlayn olub-olmadığını öyrənmək üçün çat pəncərəsinə daxil olmağa ehtiyac qalmayacaq. Belə ki, istifadəçi aktiv olduqda, onun profil şəklinin yanında yaşıl nöqtə görünəcək. Şəxs tətbiqdən çıxdıqda isə həmin yaşıl işıq avtomatik olaraq itəcək.
Bununla belə, istifadəçilərin məxfilik parametrləri də əvvəlki kimi qorunur. Öz “onlayn” statusunu gizlədən şəxslərin profilində yaşıl nöqtə əks olunmayacaq. Eyni zamanda, bu gizlilik ayarını aktiv edənlər özləri də başqalarının yaşıl nöqtəsini, yəni onlayn olub-olmadığını görə bilməyəcəklər.
Qeyd edək ki, hazırda yalnız seçilmiş Android və iOS beta testçiləri üçün aktiv olan funksiyanın yaxın zamanlarda kütləvi şəkildə bütün istifadəçilərə təqdim ediləcəyi gözlənilir.
Gülbəniz Səfərova






