"Bu tip insanlarla ünsiyyət sizi yavaş-yavaş psixoloji cəhətdən məhv edir" - PSİXOLOQ
Bəzən insanı ən çox yoran iş, maddi çətinlik və ya gündəlik problemlər deyil, hər gün ünsiyyətdə olduğu insanlardır. Daim şikayət edən, neqativ düşünən və mənfi emosiyalar yayan şəxslərlə uzunmüddətli ünsiyyətin insanın əhvalına, motivasiyasına və psixoloji vəziyyətinə təsir etdiyi bildirilir. Bəs ətrafımızdakı insanları düzgün seçməmək psixoloji sağlamlığımıza necə təsir edir? Mənfi enerjili və daim neqativ düşünən insanlardan özümüzü necə qoruya bilərik?
Bu barədə psixoloq Orxan Şəfizadə Patrul.az-a açıqlamasında bildirir ki, ətrafımızdakı daim neqativ düşünən insanlar zamanla psixoloji sağlamlığımıza təsir edərək stresi artırır, motivasiyanı və özünəinamı azalda bilər:
“Ətrafımızdakı insanlar düşüncələrimizə, emosiyalarımıza və davranışlarımıza düşündüyümüzdən daha çox təsir göstərirlər. Daim tənqid edən, neqativ danışan, ümidsizlik yayan və hər şeydə problem görən insanların yanında olmaq zamanla stres səviyyəsini artırır, özünəinamı azaldır və emosional tükənməyə səbəb ola bilər. Beynimiz sosial mühitə uyğunlaşmağa meyllidir. Əgər hər gün şikayət, qorxu və neqativ fikirlər eşidiriksə, bir müddət sonra bunu normal qəbul etməyə başlayırıq. Bu isə narahatlıq, gərginlik və motivasiya itkisi ilə nəticələnə bilər”.

Bəs özümüzü necə qoruya bilərik?
O.Şəfizadə qeyd edir ki, psixoloji sağlamlığınızı qorumaq üçün ən vacib addımlardan biri sizə yaxşı təsir edən insanlarla münasibət qurmaq və zərər verən münasibətlərdən uzaq durmaqdır:
“Hər kəslə eyni yaxınlıqda olmaq məcburiyyətində deyilsiniz.
Şəxsi sərhədlərinizi qoruyun və sizi daim yorub tükədən münasibətlərə “yox” deməyi öyrənin.
Sizə dəyər verən, inkişafınızı dəstəkləyən və motivasiya edən insanlarla daha çox vaxt keçirin.
Başqalarının neqativ emosiyalarını öz məsuliyyətiniz kimi qəbul etməyin.
Psixoloji sağlamlığınızı qorumağı prioritet edin.
Unutmayın: Sakit və sağlam bir ruh təsadüfən yaranmır. O, doğru seçimlərin nəticəsidir. Ətrafınızı seçmək də bu seçimlərin ən vaciblərindən biridir”.
Cəmilə Cəfərzadə






