media-inshot_20260716_183752234

Son vaxtlar bəzi şəxslərin kimisə gün ərzində izləmək, hara getdiyini, kiminlə görüşdüyünü öyrənmək üçün xüsusi adam tutduğu barədə iddialar gündəmə gəlir. Bəs bir insanı bu şəkildə gizli izlətmək qanunidirmi? Belə izləmə nəticəsində çəkilən foto və videolar sonradan məhkəmədə sübut kimi istifadə oluna bilərmi?

Bununla bağlı AR Vəkillər Kollegiyasının üzvü Şəhram Şəmmədli Patrul.az-ın sualını cavablandırıb.

Onun sözlərinə görə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, şəxsin gizli izlənilməsi və bu məqsədlə üçüncü şəxsin cəlb edilməsi qanuni hesab edilmir:

“Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, fiziki şəxsin gizli şəkildə izlənilməsi və ya bu məqsədlə üçüncü şəxsin cəlb edilməsi ayrıca qanunla nəzərdə tutulmuş səlahiyyət olmadıqda qanuni hesab edilmir. Xüsusilə şəxsin şəxsi və ailə həyatına müdaxilə edən hərəkətlər, gizli müşahidə, dinləmə və ya digər üsullarla məlumatların toplanması yalnız qanunla müəyyən edilmiş hallarda və səlahiyyətli dövlət orqanları tərəfindən həyata keçirilə bilər”.

media-img-20260716-wa0036

Vəkil qeyd edir ki, bir şəxsin izlənməsi nəticəsində əldə olunan foto, video və digər materiallar yalnız qanuni yolla toplanıbsa məhkəmədə sübut kimi qiymətləndirilə bilər:

“Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən, məhkəmə yalnız qanuni yolla əldə edilmiş sübutları qəbul edir. Əgər foto, video və ya digər məlumatlar qanun pozuntusu ilə əldə olunubsa, həmin materiallar sübut kimi qəbul edilməyə bilər. Məhkəmə hər bir sübutun əldə edilmə üsulunu ayrıca qiymətləndirir və qanunsuz əldə edilmiş sübutların hüquqi qüvvəsini tanımır.
Beləliklə, Azərbaycanda bir şəxsi izləmək üçün xüsusi adam tutmaq və bu yolla məlumat toplamaq yalnız qanunvericiliyin tələblərinə uyğun həyata keçirildiyi halda hüquqi əhəmiyyət kəsb edə bilər; əks halda, əldə olunan materialların məhkəmədə sübut kimi qəbul olunmaması ehtimalı yüksəkdir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər