Çinar AN MTK-nın binasında beton ovulması FHN tərəfindən araşdırıldı: Təhlükə yoxdur - VİDEO
Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr. ünvanında “Çinar AN” MTK tərəfindən 2015-2018-ci illərdə inşa edilmiş 16 mərtəbəli yaşayış binasının A blokunun 16-cı mərtəbəsində betonun ovulması ilə bağlı daxil olmuş məlumata əsasən FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin və S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun mütəxəssisləri tərəfindən bina sakinlərinin iştirakı ilə qeyd olunan ünvana baxış keçirilmişdir.
FHN-dən Patrulaz.az-a verilən məlumata görə, baxış zamanı A blokunu 16-cı mərtəbəsində yerləşən 104 saylı 3 otaqlı mənzilin təqribən 15m2 tavan və rigelin bir hissəsi olmaqla (beton pompasının işini asanlaşdırmaq məqsədi ilə sement-qum məhlulunun tökülməsi nəticəsində) betonun ovulması faktı müəyyən edilmişdir.
Mənzilin digər təmirsiz otaqlarının yerində Şimit çəkici ilə yoxlanması nəticəsində betonun möhkəmliyinin ekspertizadan keçmiş layihəyə uyğun olduğu müəyyən edilmişdir.
Sakinlərin iştirakı ilə binanın digər mərtəbələrindəki təmirsiz mənzillərdə (14-cü mərtəbədə mənzil 86, 90 və 3-cü mərtəbədə mənzil 9) yerində yoxlama aparılmışdır. Binanın qeyd olunan hissələrində yerləşən konstruktiv elementlərdə betonun möhkəmliyinin ekspertizadan keçmiş layihəyə uyğun olduğu müəyyən edilmişdir.
Aparılmış yoxlama nəticəsində binanın ümumi dayanıqlılığına təsir edən hallar müəyyən edilməmişdir.






