COVID 19-un yeni variantı Nimbusun əlamətləri BUNLARDIR
COVID-19-un yeni variantı Nimbus ABŞ-nin müxtəlif ştatlarında, həmçinin Avstraliya və İngiltərədə sürətlə yayılır.
Patrulaz.az “Euronews”a istinadən xəbər verir ki, İngiltərə Səhiyyə Təhlükəsizliyi Agentliyi yunun əvvəlində aparılan testlərin 8 %-də Nimbus variantının aşkarlandığını bildirib. Mayın ortalarında bu göstərici təxminən 4 % idi.
Elm aləminin “NB1.8.1” kimi tanıdığı Nimbus virusun indiyədək ən yoluxucu variantlarından biri hesab olunur.
Məlumata görə, yay aylarında yeni yoluxmaların artacağı barədə xəbərdarlıqlar edilib.
Laboratoriya təcrübələri Nimbusun insan hüceyrələrinə əvvəlki variantlardan daha effektiv yoluxa bildiyini və immun sistemini keçmə qabiliyyətinin artdığını göstərir. Bu isə insanlarda yoluxma ehtimalının daha yüksək ola biləcəyi deməkdir.
Nimbus hal-hazırda ən dominant variant olan Omikronun törəməsidir. Omikrona yoluxmuş xəstələrdə xəstəliyin ağır keçmə riski digər variantlara nisbətən daha aşağıdır. Nimbus variantının da ağır xəstəlik və ölümə səbəb olması ilə bağlı heç bir sübut yoxdur. Lakin yaşlılar və zəif immunitetə malik şəxslər üçün Nimbus infeksiyası hələ də təhlükəli ola bilər.
Qeyd edək ki, Nimbus ilk dəfə Çində aşkar olunub və orada xəstəlik hallarının və təcili yardım çağırışlarının artmasına səbəb olduğu güman edilir. ABŞ-də bu variant sürətlə yayılarq COVID-19 hallarının üçdə birindən çoxunu təşkil edir və ən çox rastlanan ikinci variantdır.
İngiltərə Milli Sağlamlıq Xidmətinin Şimal-Qərb Tibb Direktoru Dr. Maykl Qreqori bildirib:
“Bu variant cəmiyyətdə sürətlə yayılır; əsas simptomları boğazda kəskin ağrı və boyun limfa düyünlərində şişmədir”.
Digər simptomlar isə COVID 19-un əlamətləri olan yorğunluq, qızdırma, əzələ ağrıları ilə eynidir.
Hazırda Avropada ən çox yayılmış variantlar Omikronun törəmələri “LP.8.1.1” və “XFG”dir. Bunlar bütün testlərin müvafiq olaraq təqribən beşdə birini və dörddə birini təşkil edir.
Ləman Sərraf






