“Deepfake” texnologiyasını anlamaq üçün …” - Elvin Abbasov
Sosial şəbəkə platformalarında fəaliyyət göstərən bir sıra hesablar vasitəsilə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin adından “deepfake” texnologiyası tətbiq olunmaqla hazırlanmış, reallığı əks etdirməyən və saxta məzmunlu video yayılıb.
“Deepfake” texnologiyası nədir? Necə tətbiq olunur və videoların saxtalığını necə müəyyən edə bilərik?
Mövzu ilə bağlı İT mütəxəssisi Elvin Abbasov Patrul.az-a açıqlamasında bildirib ki, “Deepfake” texnologiyasını ən sadə dillə süni intellektin istifadə etdiyi bir “rəqəmsal maska” kimi təsəvvür edə bilərik:
“Bu texnologiya xüsusi proqramlar vasitəsilə bir insanın minlərlə fotosunu və səs yazısını analiz edir, onun üz cizgilərini, ağız hərəkətlərini və səs tonunu kopyalayır. Sonra isə bu kopyanı başqa bir videodakı adamın üzərinə elə yerləşdirir ki, sanki həmin tanınmış şəxs həqiqətən danışırmış kimi görünür. Hikmət Hacıyevin adından yayılan bu son video da məhz həmin üsulla, insanları çaşdırmaq və dezinformasiya yaymaq üçün hazırlanıb”.

Mütəxəssisin sözlərinə görə, belə videoların saxta olduğunu anlamaq üçün bəzi xırda detallara diqqətlə baxmaq kifayətdir:
“Məsələn, videodakı adamın göz qırpmasına diqqət edin; deepfake videolarında gözlər çox vaxt ya heç qırpılmır, ya da çox qeyri-təbii görünür. Həmçinin şəxsin dodaq hərəkətləri ilə səs arasındakı uyğunsuzluğa, üzün kənarlarındakı qəribə bulanıqlığa və dəri rəngindəki qəfil dəyişikliklərə baxın. Kibertəhlükəsizlik baxımından ən önəmli qayda isə budur: əgər bir video çox səs-küylü və qəribə bir iddia ilə çıxış edirsə, onu dərhal paylaşmaq yerinə, rəsmi dövlət kanallarında belə bir xəbərin olub-olmadığını yoxlayın”.
Ləman Sərraf






