"Deepfake" videoları necə müəyyən etmək olar? - Texnoloqdan İZAH
Son günlər süni intellekt texnologiyasının sürətlə inkişaf etməsi nəticəsində “deepfake” videoların sayı artmaqdadır. Xüsusilə xəbərlərdə bu cür videolar tez-tez saxta şəkildə yayılır və izləyiciləri çaşdırır. Bəs süni intellekt tərəfindən yaradılmış “deepfake” videoların saxta olduğunu necə müəyyən etmək olar?
Bu barədə Patrulaz.az-a öz fikirlərini bölüşən Texnoloq Elvin Həsənovun fikrincə, belə videoları ayırd etmək üçün əsasən üz və səs detalları, həmçinin işıq və kölgə balansındakı uyğunsuzluqlara diqqət yetirmək lazımdır:
“Süni intellektin yaratdığı “deepfake” videoları real görüntülərdən ayırmaq bəzən çətin görünsə də, diqqətlə baxıldıqda saxta izləri tapmaq mümkündür. Belə videoları tanımaq üçün əsasən üz və səs detalları önəmlidir. Çox vaxt gözlərin qırpılması ya çox gec, ya da süni şəkildə baş verir, dodaqların hərəkəti ilə səsin tam üst-üstə düşməməsi də şübhə doğurur. Digər bir detal işıq və kölgə balansıdır. Yəni real videoda işıqlandırma və kölgə təbii paylanır, deepfake videoda isə bu çox vaxt uyğunsuz olur. Həmçinin üz xəttlərində, göz və diş bölgələrində bulanıqlıq, fonla üz arasında sərhəd pozuntuları müşahidə edilə bilər. Əlavə olaraq səsdəki uyğunsuzluqlar da diqqətə alınmalıdır. Deepfake videolarda səs bir qədər “robotvari” gələ bilər və emosiyalara uyğun düşməyə bilər”.

E.Həsənov onlayn alətlər vasitəsilə videonun saxta olub-olmadığını müəyyən etməyin də mümkün olduğunu vurğulayıb:
“Bu texnologiya əsasən insanları çaşdırmaq, şantaj etmək və ya yanlış informasiya yaymaq üçün istifadə olunur. Məsləhət görərdim ki, gördükləri hər videoya dərhal inanmasınlar. Əgər video şübhəli görünürsə, rəsmi mənbələrdən yoxlamaq, başqa platformalardakı məlumatlarla müqayisə etmək vacibdir. Artıq bir sıra onlayn analiz alətləri də var ki, videonun texniki strukturunu yoxlayaraq onun saxta olub-olmadığını müəyyən etməyə kömək edir”.
Nəticə olaraq, texnoloqun sözlərinə görə, “deepfake” videoları üz və səs detalları, işıq və kölgə uyğunsuzluqları, bulanıqlıq və səsdəki robotvari elementlər vasitəsilə tanımaq mümkündür. Şübhəli videoları rəsmi mənbələrlə yoxlamaq və onlayn analiz alətlərindən istifadə etmək tövsiyə olunur.
Cəmilə Cəfərzadə






