Deputat: "İƏT-dəki fəallıq Azərbaycanın Qafqazdakı liderliyini daha da gücləndirir"
“Müasir geosiyasi mühitdə regional təşkilatların əhəmiyyəti sürətlə artır. Bu kontekstdə İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) və Azərbaycanın bu təşkilat çərçivəsindəki fəaliyyəti xüsusi diqqət mərkəzindədir. Azərbaycanın beynəlxalq arenada yüksələn nüfuzu və regional əməkdaşlıq sahəsindəki uğurları ölkəmizi Cənubi Qafqazda lider mövqeyə çıxarıb”.
Bu fikirləri Milli Məclisin deputatı, tarix üzrə fəlsəfə doktoru, YAP Gəncə şəhər təşkilatının sabiq sədri Naqif Həmzəyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün ölkəmizdə keçirilməsinin əhəmiyyəti ilə bağlı Patrulaz.az-a açıqlamasında bildirib.
Deputatın sözlərinə görə, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra İƏT-ə qoşulub və o vaxtdan etibarən müxtəlif layihələrdə fəal iştirak edərək təşkilat daxilində əməkdaşlığın möhkəmlənməsinə töhfə vermişdir:
“1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılan İƏT sonradan Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın qoşulması ilə 10 üzv dövləti birləşdirən nüfuzlu regional quruma çevrilib. Azərbaycan 1992-ci ildə müstəqillik əldə etdikdən sonra təşkilata qoşulub və o vaxtdan bəri İƏT çərçivəsində fəal mövqe tutur.
2012–2016-cı illərdə İƏT-in Baş katibi vəzifəsinin azərbaycanlı diplomat tərəfindən icra edilməsi Azərbaycanın təşkilat daxilindəki nüfuzunun göstəricisidir.
2024-cü ilin yanvar-may aylarında Azərbaycan və İƏT ölkələri arasında ticarət dövriyyəsi 3,2 milyard dollar olub. Bu rəqəm Azərbaycanın regional iqtisadi mərkəz rolunu oynamasını sübut edir. Ölkəmizin zəngin enerji ehtiyatları, xüsusilə neft və təbii qaz Azərbaycanı İƏT çərçivəsində aparıcı enerji təchizatçısı mövqeyinə gətirib.
Cənub Qaz Dəhlizi, eləcə də TANAP və TAP layihələri Azərbaycanın Avropa enerji təhlükəsizliyində oynadığı strateji rolu göstərir. Bu layihələr, eyni zamanda İƏT çərçivəsində enerji əməkdaşlığının genişlənməsinə mühüm töhfə verir.
Azərbaycan Asiya ilə Avropa arasında körpü rolunu oynayaraq, nəqliyyat və logistika baxımından regionun əsas oyunçusuna çevrilib. Bu istiqamətdə “Zəngəzur dəhlizi” layihəsi xüsusi əhəmiyyət kəsb edir. Layihə Azərbaycanın regional əlaqələndirmə mərkəzinə çevrilməsi yolunda vacib addımdır”.
Naqif Həmzəyev ölkəmizin müxtəlif beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsinin əhəmiyyətini vurğulayaraq bildirib ki, bu amil Azərbaycanı beynəlxalq diplomatiyanın mühüm mərkəzlərindən birinə çevirib:
“Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun ən bariz göstəricilərindən biri ölkəmizin mütəmadi olaraq, beynəlxalq görüşlərə ev sahibliyi etməsidir. 2024-cü ildə COP29 İqlim Zirvəsinin Bakıda keçirilməsi bunun ən yaxşı nümunəsidir. Bu, yalnız Azərbaycanın təşkilatçılıq qabiliyyətini deyil, həm də ekoloji məsələlərə yanaşmasını nümayiş etdirir. Bundan əlavə, Azərbaycan Qeyri-Qoşulma Hərəkatı, müxtəlif iqtisadi forumlar və regional sammitlərə ev sahibliyi etməklə, Bakını beynəlxalq diplomatiya mərkəzinə çevirib.
Azərbaycan 3+3 formatında (Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, İran, Ermənistan) fəal iştirak etməklə, Cənubi Qafqazda sabitliyin və əməkdaşlığın təmin olunmasında mühüm rol oynayır. Bu iştirak Azərbaycanın regional liderlik ambisiyalarını təsdiqləyir”.
Millət vəkili Azərbaycanın İƏT-dəki gələcək roluna da toxunaraq bildirib ki, ölkəmizin bu təşkilat çərçivəsində fəaliyyəti daha da genişlənəcək və Azərbaycan Qafqazda lider mövqeyini qoruyub saxlamaqda davam edəcək:
“Azərbaycanın İƏT-dəki rolu gələcəkdə daha da genişlənəcək. Rəqəmsal iqtisadiyyat, yaşıl enerji və innovasiya sahələrində əməkdaşlığın artırılması əsas prioritetlərdəndir. Bu istiqamətlərdə əldə olunan uğurlar Azərbaycanın bu sahələrdə göstərdiyi irəliləyiş təşkilatın gələcək fəaliyyətində mühüm rol oynayacaqdır.
Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində fəaliyyəti, beynəlxalq tədbirlərə ev sahibliyi, enerji diplomatiyası və nəqliyyat təşəbbüsləri ölkəmizin Qafqazda lider mövqeyini möhkəmləndirib. 3,2 milyard dollarlıq ticarət dövriyyəsi, enerji diplomatiyası sahəsindəki uğurlar və beynəlxalq təşkilatçılıq təcrübəsi Azərbaycanın Qafqazda lider mövqeyinə çatmasının əsas səbəbləridir.
Gələcəkdə Azərbaycan İƏT çərçivəsində daha da fəal rol oynayacağı və regional əməkdaşlığın inkişafında aparıcı qüvvə olmaqda davam edəcəyi gözlənilir. Bu, həm də ölkəmizin beynəlxalq arenada nüfuzunun artmasına və regional sabitliyin möhkəmlənməsinə töhfə verəcəkdir”.
Gülbəniz Səfərova