Qadın sərnişinə qarşı əxlaqa zidd hərəkət edən taksi sürücüsü ilə bağlı Polis hərəkətə keçdi - VİDEO
Xəbər verdiyimiz kimi, qadın sərnişini mənzilinə apararkən əxlaqa zidd və qeyri-etik hərəkətlər edən “Manatlıq taksi” sürücüsü ilə bağlı polis əməkdaşları tərəfindən tədbirlər görülməyə başlanılıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli Patrulaz.az-a bildirib ki, Bakı şəhərində qadın sərnişinlərə qarşı qeyri-etik hərəkətlər edən və qanunsuz fəaliyyət göstərən taksi sürücüləri ilə bağlı polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilir:
“Aşkarlanan və polisə daxil olan hüquqazidd hallara yol verən sürücülər saxlanılır və qanunvericiliyə uyğun şəkildə məsuliyyətə cəlb olunurlar. Sosial şəbəkələrdə yayılan görüntülər hazırda araşdırma predmetidir. Aidiyyəti üzrə araşdırmalar davam etdirilir. Bu tədbirlər, eyni zamanda, qanunsuz taksi fəaliyyəti ilə mübarizənin gücləndirilməsinə xidmət edir. Sərnişinlərin, xüsusilə qadınların təhlükəsizliyinin və rahatlığının təmin olunması məqsədilə tədbirlər davam etdirilir”.
Polis leytenantı Lumu İsrəfilli vətəndaşlara çağırış edərək bildirib ki, bu kimi hallarla qarşılaşdıqda dərhal polis orqanlarına məlumat versinlər:
“Tövsiyə edirik ki, bu və ya digər neqativ hallarla bağlı siz və ya tanıdığınız bir şəxs narahatlıq yaşamışsa, dərhal polisə müraciət edilsin. Bu, cəzanın labüdlüyü prinsipinin təmin olunması baxımından vacibdir”.
Gülbəniz Səfərova