Bu ölkədə zarafata belə hökumət icazə verir - MARAQLI
Dünyada elə ölkələr var ki, orada gülmək, şənlik etmək yersiz, zarafat isə təxribat sayılır. İnsanların mimikası belə ciddi olmalı, yumor isə dövlətin təməlini sarsıtacaq təhlükə kimi qəbul edilir. Bir sözlə zarafat etmək cəsarət, zarafata gülmək isə üsyan əlaməti sayılır…
Patrulaz.az-ın araşdırması görə, dünyada zarafatı belə dövlətin icazəsi ilə gülən ölkə Şimali Koreyadır.
Zarafatın ölümə apardığı ölkə…
Prezident Kim Çen İn rəhbər olduğu bu ölkədə yumora, gülüşə və ironiyaya qarşı sərt qadağalar mövcuddur. Araşdırmalar göstərir ki, Şimali Koreyada rejimə qarşı yönəlmiş sadə bir zarafat belə dövlətə xəyanət kimi qəbul edilə bilər. Xüsusilə, lider Kim Çen İn haqqında zarafat etmək, adını səhv tələffüz etmək və ya karikatura çəkmək belə, ağır nəticələrə səbəb ola bilər. İctimaiyyətə açıq yerlərdə gülmək, ironik danışmaq və ya satirik ifadələr işlətmək faktiki olaraq yasaqdır.
Bu ölkədə insanların yalnız doğru zamanda və doğru şəkildə gülməsinə icazə verilir, o da yalnız dövlət tərəfindən müəyyən edilmiş çərçivədə… Bunu təsvir edən məşhur bir ifadə var: “Kim Çen İn-ə gülmək ölüm səbəbin ola bilər”…
Eyni millətdən olub, bir-birinə düşmən olan iki ölkə
Cənubi Koreya ilə sərhəddə yerləşən Şimali Koreya eyni etnik mənşəyə malik olsa da, ideoloji baxımdan fərqli dünyaları təmsil edir. Bu fərqi əks etdirən hadisələrdən biri də Cənubi Koreya əsgərinin təsadüfən Şimali Koreya sərhədini keçməsi ilə bağlıdır. Əsgər vəziyyəti anlayaraq geri çəkilməyə çalışsa da, Şimali Koreya sərhədçiləri dərhal atəş açırlar. Yaralanmış əsgər neytral zonaya keçə bilir və gecə saatlarında yoldaşları tərəfindən xilas edilir.
Yalnız zarafat yox, üslub və geyim də qadağada
Şimali Koreyada təkcə söz və zarafat yox, həm də görünüş üzərində nəzarət mövcuddur. Ölkədə cins şalvar geyinmək, qərb üslubunda saç düzümü etdirmək qadağandır. Dövlət tərəfindən həm qadınlar, həm də kişilər üçün cəmi 15 saç modeli təsdiq olunub. Vətəndaşlar yalnız bu modellərdən istifadə edə bilərlər.
Bu ölkədə turistlərə də nəzarət sərtdir
Ölkəyə gələn turistlər üçün də ciddi məhdudiyyətlər tətbiq edilir. Onların telefonları sərhəddə əlindən alınır və yalnız ölkədən çıxarkən geri verilir. Turistlərə məktəblərə, mağazalara və yerli ictimai obyektlərə daxil olmaq qadağandır. Yerli əhali ilə ünsiyyət qurmaq da nəzarət altındadır və hökumət bu cür təmasların qarşısını almağa çalışır.
Ölkə daxilində internet istifadəsi demək olar ki, yoxdur. Vətəndaşlar yalnız daxili dövlət şəbəkəsinə qoşula bilər. Xarici informasiya resurslarına çıxış tamamilə məhdudlaşdırılıb. Şimali Koreya zarafatı və gülüşü yalnız sosial davranış deyil, həm də ideoloji təhlükə kimi qəbul edir. Yumorun rejimin toxunulmaz imicini sarsıdacağından ehtiyat edən hakimiyyət, bu emosiyanı da nəzarət altına almağa çalışır.
Şimali Koreya sadəcə fiziki sərhədlərlə deyil, həm də zarafat və gülüş kimi ən təbii insani hisslərlə özünü təcrid etmiş bir rejimdir.
Gülbəniz Səfərova