Motosikletçi ayı hücumu nəticəsində həlak oldu
Rumıniyanın məşhur Transfağaraşan yolu yaxınlığında yerləşən Arefu bölgəsində italyan motosikletçi ayının hücumuna məruz qalaraq həlak olub.
Patrulaz.az xarici mənbəyə istinadən xəbər verir ki, hadisə Vidraru bəndinin ətrafında baş verib.
Yayılan məlumata görə, həyatını itirən şəxsin İtaliya vətəndaşı Omar Farang Zin olduğu müəyyən edilib. Onun mobil telefonunda ayını və balalarını görüntüləməyə çalışdığı qısa bir video da aşkarlanıb. Məlumata görə, oğlan ayının hücumuna məhz bu an məruz qalıb.
Hücumdan sonra motosikletçinin cansız bədəni bir saatlıq axtarış nəticəsində meşədən çıxarılıb. Cəsədin üzərində ayı dişi izləri də aşkarlanıb. Hadisə yerinə cəlb olunan ovçular tərəfindən hücum edən ayı zərərsizləşdirilib.
Polis və dağ-xilasedici qruplar hadisənin baş verdiyi ərazidə araşdırmalara başlayıblar.
Ləman Sərraf