Psikopatları aşkara çıxaran 3 əsas özəllik - MARAQLI
Psixopatiya haqqında məlumatlar uzun illərdir ki, həm akademik çevrələrdə, həm də populyar mediada geniş müzakirə edilir. Son zamanlar isə bu mövzu daha çox aktuallıq təşkil edir. Psixopatiya antisosial şəxsiyyət pozuntusu anlamını verir. Onların siması digər insanlardan seçilir. Həmçinin Psixopatların davranışlarında da qəribəlikər hiss olunur. Ancaq elə psikopatlar var ki, xəstə olduqlarını qəbul etmirlər. Bəziləri isə bunu bildirməməkdən ötrü özlərini normal biri kimi göstərməyə çalışırlar. Bəs psixopatları digər normal insanlardan fərqləndirən əsas xüsusiyyətlər hansılardır?
Patrulaz.az psixopatiyanın ən xarakterik 3 xüsusiyyətini təqdim edir:
Emosional soyuqluq və empatiya çatışmazlığı
Psixopatik şəxslərin əsas göstəricilərindən biri emosional uzaqlıq və başqalarının hisslərinə laqeydlikdir. Onlar qarşısındakı insanın acısını, qorxusunu və ya sevincini hiss etməkdə çətinlik çəkirlər. Bu, onların davranışlarında qəddarlıq və laqeydlik kimi təzahür edə bilər. Psixoloqlar bildirirlər ki, bu şəxslərdə vicdan hissi zəif inkişaf etdiyindən, etdikləri zərərli davranışlara görə peşmanlıq hiss etməzlər.
Manipulyativlik və məqsədyönlü davranış
Psixopatlar çox vaxt ağıllı, cazibədar və inandırıcı görünə bilirlər. Onlar öz maraqlarını təmin etmək üçün insanları aldatmaq, idarə etmək və istiqamətləndirmək bacarığına sahibdirlər. Məqsədlərinə çatmaq üçün empatiya göstərmədən soyuqqanlı şəkildə strategiya qura bilirlər. Bu xüsusiyyət onları cəmiyyət üçün təhlükəli edir, çünki davranışları çox zaman planlı və hesablanmış olur.
Stressə davamlılıq və qorxu hissinin azlığı
Psixopatik xüsusiyyətlərə malik insanlar çətin və təhlükəli vəziyyətlərdə belə soyuqqanlı qalmağı bacarırlar. Onlarda adrenalin və qorxu reaksiyaları zəif olur. Məsələn, digər insanlar üçün narahatlıq yaradan situasiyalar psixopatlar üçün adi və hətta zövqverici olur. Bu səbəbdən onlar riskli davranışlara daha meylli olurlar, həm özləri, həm də ətrafdakılar üçün təhlükə yarada bilərlər.
Psixopatik xüsusiyyətlər daşıyan insanlar cəmiyyət daxilində müəyyən risklər yarada bilsələr də, bu davranışlar daim diqqətlə qiymətləndirilməlidir. Psixopatiya bir etiket deyil, klinik diaqnozdur və yalnız peşəkar psixoloq və psixiatrlar tərəfindən müəyyən edilməlidir.
Gülbəniz Səfərova