UEFA-dan “Beşiktaş”a CƏZA
UEFA Türkiyənin “Beşiktaş” futbol klubunu heyət xərcləri qaydasını pozduğu üçün 900 min avro məbləğində cərimələyib.
Patrulaz.az xəbər verir ki, bu barədə məlumat klubun rəsmi saytında dərc olunub və “Beşiktaş Futbol Yatırımları Sanayi və Ticaret AŞ” tərəfindən İctimaiyyəti Məlumatlandırma Platformasına təqdim olunub.
Açıqlamada bildirilib ki, UEFA Klublara Maliyyə Nəzarət Qurumunun apardığı araşdırma nəticəsində klubun UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Tənzimləmələri qaydalarını pozduğu müəyyən edilib. Belə ki, “Beşiktaş” 01 dekabr 2023 – 30 noyabr 2024 dövrü üzrə heyət xərclərinə dair tələbləri yerinə yetirməyib. Nəticədə UEFA klubun büdcə qaydalarına əməl etmədiyini əsas götürərək ona 900 min avro inzibati cərimə tətbiq edib.
Qeyd edək ki, cərimə qərarı Maliyyə Fair Play (FFP) çərçivəsində verilib.
Gülbəniz Səfərova