"Dilimiz yad sözlərin istilasına düşüb" - Təhsil eksperti
Gündəlik ünsiyyətdə dillərarası təsir insanların danışıq tərzində özünü daha çox göstərir. Xarici sözlərin sürətlə yayılması isə ana dilindəki ifadə qaydalarının və söz seçiminin dəyişməsinə səbəb olan mühüm dil hadisələrindən biridir.
Bu tendensiya dilimizin zənginliyinə necə təsir edir və yerli sözlərimizi qorumaq üçün nə etmək olar?
Bu barədə Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Patrul.az-a açıqlamasında bildirib ki, bu tendensiya ana dilimizin gündəlik ünsiyyətdə zəifləməsinə və yerli sözlərin unudulmasına gətirib çıxara bilər:
“Bu gün qloballaşmanın təsiri ilə xarici dillərdən daxil olan sözlər gündəlik danışığımızda getdikcə daha çox yer alır. İnsanlar bəzən bunun fərqində olmadan həmin sözləri işlətməyi daha rahat, daha prestijli və ya daha sürətli ünsiyyət forması kimi görürlər. Amma bu tendensiya dilimizin zənginliyini kölgəyə sala bilər. Azərbaycan dili onsuz da çox geniş, ifadə imkanları yüksək və tarixi qatları olan bir dildir. Sadəcə bəzən biz öz sözümüzün olduğunu unuduruq. Problem dilin imkanlarında yox, bizim o imkanlara sahib çıxmaq vərdişlərimizdədir.Əgər bir millət öz sözlərini işlətməyi tədricən dayandırırsa, dilin poetik ruhu, milli yaddaşın incə çalarları da zəifləməyə başlayır. Biz bu gün gündəlik danışıqda işlətmədiyimiz hər sözü sabah bəlkə də unutmuş olacağıq. Dilin zənginliyi kitabların içində deyil, insanların gündəlik ünsiyyətində qorunur”.

Ekspertin sözlərinə görə, xarici sözlərin təsiri təbiidir, lakin hər kəs ana dilinin qorunmasına daha çox diqqət yetirməlidir:
“Bu prosesi tərsinə çevirməyin yolu məcburiyyətdən yox, maariflənmədən keçir. İlk növbədə məktəb mühitində, televiziya və media platformalarında, sosial şəbəkə məzmunlarında yerli sözlər daha çox təşviq olunmalıdır. Müasirliklə milli kimliyi qarşılaşdırmaq düzgün yanaşma deyil. Əksinə, biz modern dünyada da öz dilimizin sözlərini cazibədar və istifadəyə maraqlı təqdim etməyi bacarmalıyıq.Xarici sözləri qadağan etməyə ehtiyac yoxdur, çünki dil canlı orqanizmdir və təsirlənməsi təbiidir. Amma yerli sözlərimizi işlətməyə bir az daha diqqət yetirmək, müəllimdən jurnalistə, valideyndən gəncə qədər hər kəsin kiçik bir dil məsuliyyətidir. Bir millətin dili onun özünüdərkidir. Biz bu dərkə sahib çıxanda, dilimiz nəinki zənginliyini qoruyur, hətta daha da müasirləşmiş şəkildə inkişaf edir”.
Cəmilə Cəfərzadə






