"Ən pis dizaynlı iPhone 17" – Alıcılar "Apple"ın yeni seriyasını tənqid etdi
Apple uzun müddətdir gözlənilən iPhone 17 seriyasını rəsmi olaraq təqdim edib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni seriyaya iPhone 17, 17 Pro, 17 Pro Max və ultra nazik iPhone Air modelləri daxildir.
Məlumata görə, şirkət cihazlarda daha güclü batareya, sürətli çiplər və əvvəlki modellərlə müqayisədə dörd dəfə yaxşılaşdırılmış kamera sistemi kimi texniki yeniliklərə diqqət çəkib.
Lakin təqdimat daha çox dizayn dəyişiklikləri ilə bağlı müzakirələrə səbəb olub. Xüsusilə, Pro və Pro Max modellərində cihazın yuxarı hissəsini tamamilə əhatə edən iri kamera bloku və simsiz enerji doldurma üçün nəzərdə tutulmuş teksturalı şüşə arxa panel istifadəçilərin birmənalı qarşılamadığı yeniliklər sırasındadır. Bundan əlavə, Apple bu dəfə klassik qara rəng variantını ləğv edib və yeni narıncı, tünd mavi və gümüş rənglərini təqdim edib.
Sosial şəbəkələrdə reaksiya sərt olub. Bir çox istifadəçi yeni iPhone-u “indiyə qədər hazırlanmış ən çirkin model”, bəziləri isə “ucuz Android” adlandırıb. Hətta “Steve Jobs bunu görsəydi, hamını işdən çıxarardı” kimi kəskin fikirlər də səsləndirilib.
Qeyd edək ki, iPhone 17 seriyası üçün ilkin sifarişlər 12 sentyabrda, rəsmi satışlar isə 19 sentyabrda başlayacaq. Yeni nəsil iPhone 17 Pro-nun (256 GB) qiyməti 1099 dollar təşkil edir. Şirkət bu dəfə 999 dollarlıq baza versiyasından imtina edib.






