Epşteyn sənədlərində Türkiyə detalı: "Topqapı sarayına heyranlıq duyub, hərəmxana sahibi olmaq istəyib"
Amerikalı keçmiş məhkum, uşaq istismarı və zorakılıq ittihamları ilə tanınan Ceffri Epşteynin işi ilə bağlı yeni faktlar üzə çıxmaqda davam edir.
Patrul.az bəzi mənbələrdən əldə etdiyi məlumata görə, Epşteynin sənədlərində bu dəfə qurbanlardan biri olan Rina Ohun ifadələri əsasında Türkiyə ilə bağlı şok detallar ortaya çıxıb.
Epşteynin qurduğu planlar haqqında danışan Oh bildirib ki, o, əvvəlcə onu incəsənət məktəbində bakalavr təhsili alması üçün təqaüd vədi ilə aldadıb. Daha sonra isə aralarında şəxsi münasibət yaranıb. Həmin dövrdə Epşteyn özünü gənc tələbələri universitetlərə göndərən və onların təhsil xərclərini tam ödəyən xeyriyyəçi kimi təqdim edib.
Rina Oh 5-6 yaşlarında başqa bir şəxs tərəfindən zorakılığa məruz qaldığını, Epşteynlə münasibəti dövründə isə bu travmaların yenidən üzə çıxdığını bildirib.
“Ceffri mənim kimi dərin travma yaşamış bir insana daha çox ağrı yaşatdı”, – deyə o qeyd edib.
Oh həmçinin bildirib ki, Epşteyn onunla görüşlər zamanı gələcək planlarından danışırdı. Bu planların əsas hissəsi ona verilən iki xarici dildə kitab üzərində qurulmuşdu. Kitabları araşdıran Oh deyib ki, Epşteyn tez-tez hərəmxana yaratmaq istəyindən danışır və özünü “sultan” kimi təqdim edirdi.
“O dedi ki, mən onun hərəmxanasının bir hissəsi olacağam və sevimlisi olacağam. O, daim özünə üçüncü şəxsdə – “”Sultan” deyə müraciət edirdi. Bu çox qarışıq idi, amma bilirdim ki, əslində özü haqqında danışır”, – deyə Rina bildirib.
Onun sözlərinə görə, Epşteyn tez-tez “Hərəm Planı”ndan danışır və Osmanlı saray sistemi ilə bağlı fikirlərini bölüşürdü.
“O, sultan, hərəm və saray anlayışlarından bəhs edirdi. Məni dünyanı bu çərçivədə görməyə inandırmağa çalışırdı. Əvvəlcə bunun sadəcə intellektual söhbət olduğunu düşünürdüm. Sonradan bunun nə qədər ciddi olduğunu anladım”, – deyə Oh qeyd edib.
Ən diqqətçəkən məqamlardan biri isə Epşteynin Türkiyəyə xüsusi maraq göstərməsi olub. Rina Oh bildirib ki, o, xüsusilə Topkapı Sarayına heyran idi:
“O, Osmanlı İmperiyasına aludə idi. Məndən Osmanlı hərəmindəki qadınlarla bağlı rəsmləri, memarlıq nümunələrini, sarayları və tarixi araşdırmağımı istəyirdi. Topqapı Sarayının memarlığını, mədəniyyətini və tarixini detallı şəkildə öyrənməyimi tapşırırdı”, – deyə o bildirib.
Qeyd edək ki, uzun illər maliyyəçi və investor kimi tanınan Epşteynin azyaşlılara qarşı cinsi istismarı ilə bağlı ilk faktlar 2005-ci ildə üzə çıxıb. Həmin vaxt bir valideyn 14 yaşlı qızına qarşı törədilən zorakılıq barədə polisə müraciət edib.
Epşteyn 2008-ci ildə Florida məhkəməsi tərəfindən uşaqları fahişəliyə cəlb etmə ittihamı ilə azadlıqdan məhrum edilib. Lakin çoxsaylı qurbanlara baxmayaraq, o, 13 aydan sonra azadlığa buraxılıb.
Cinayətlərini davam etdirən Epşteyn 6 iyul 2019-cu ildə Florida və Nyu-Yorkda yetkinlik yaşına çatmayanların cinsi istismarı ittihamı ilə yenidən həbs olunub. O, 10 avqust 2019-cu ildə Nyu-York həbsxanasında məhkəməni gözləyərkən öz çarşafı ilə asılı vəziyyətdə ölü tapılıb.
Gülbəniz Səfərova






