Ev işlərini onlara tapşıracağıq - Paltar yuyan və çay dəmləyən robotlar gəlir
Süni intellekt və robototexnika sahəsində dünya elmini heyrətləndirən yeni nailiyyət əldə olunub.
Patrul.az xəbər verir ki, bu yeniliyə əsasən robotlar artıq insan hərəkətlərini vizual olaraq izləyərək mürəkkəb tapşırıqları yerinə yetirə bilirlər.
Bu barədə araşdırma nüfuzlu “Science Robotics” jurnalında dərc olunub.
Tədqiqatçı Sthithpragya Gupta və komandasının hazırladığı yeni maşın öyrənməsi sistemi robotlara yalnız verilən təlimatları icra etməyi deyil, eyni zamanda dəyişən şəraitə uyğunlaşmağı da öyrədir. Əvvəlki modellər ətraf mühitdəki kiçik dəyişikliklər (məsələn, işığın dəyişməsi və ya obyektin yerinin dəyişməsi) zamanı fəaliyyətini dayandırırdısa, yeni nəsil robotlar öz fiziki imkanlarını və məhdudiyyətlərini nəzərə alaraq hərəkətlərini tənzimləyə bilir.
Yayılan videolarda robotun insanın topu qaba atmasını izlədiyi və həmin hərəkəti öz mexaniki qolunun quruluşuna uyğunlaşdıraraq dərhal təkrar etdiyi əks olunub.
Bu texnoloji sıçrayış elmi dairələrdə yeni müzakirələrə səbəb olub. Florida Atlantik Universitetinin mütəxəssisi Syuzan Şnayder bildirib ki, robotların bu dərəcədə sürətli öyrənmə qabiliyyəti onların “şüurlu” olması demək deyil:
“Onlar espresso dadını hiss edə və ya gün batımından zövq ala bilməzlər. Onlarda bioloji varlıqlara xas hissiyyat yoxdur”.
Alimlər qeyd edirlər ki, robotların öz davranışlarını sərbəst şəkildə təkmilləşdirməsi müəyyən risklər yaradır. Əsas narahatlıq onların mənfi məqsədlərlə istifadə olunma ehtimalı ilə bağlıdır. Hazırda mühəndislər bu risklərin qarşısını almaq üçün xüsusi təhlükəsizlik protokolları üzərində işləyirlər.






