Evinizdəki BU əşyalar sizə uğursuzluq gətirir
Bəzi inanclara və “feng shui” prinsiplərinə görə, müəyyən əşyalar evdə bədbəxtlik və ya mənfi enerji gətirə bilər. Bu əşyalar əsasən simvolik və ya enerjiyə əsaslanan inanclara bağlıdır.
Patrul.az-ın araşdırmasına görə, evdə illərlə saxlanılan, amma heç vaxt istifadə olunmayan əşyalar buna ən sadə nümunədir. Köhnə, sınıq, işləməyən şeylər – “bəlkə bir gün lazım olar” deyə yığılanlar – evdə sanki görünməz bir ağırlıq yaradır. Onlar sadəcə yer tutmur, eyni zamanda zehində “tamamlanmamış” hissini artırır. Hər baxanda beynin bunu qeyd edir: düzəldilməyib, atılmayıb, həll olunmayıb. Bu isə insanı istər-istəməz passivləşdirir.
Bir başqa məsələ artıqlıq və dağınıq mühitdir. Həddindən artıq əşya olan evdə insanın fikri də qarışır. Masanın üstü doludursa, beynin də “doludur”. Bu təsadüfi deyil. Psixologiyada çoxdan məlumdur ki, vizual xaos diqqəti zəiflədir, qərar verməyi çətinləşdirir və insanı daha tez yorur. Belə mühitdə yaşayıb sonra “niyə heç nə yolunda getmir?” demək bir az da özümüzə qarşı haqsızlıqdır.
Evdəki bəzi əşyalar isə birbaşa emosional yük daşıyır. Keçmişi xatırladan, amma xoş olmayan xatirələrlə bağlı olan əşyalar, köhnə münasibətlərdən qalanlar, pis bir dövrü simvolizə edən detallar əslində səni daim geriyə çəkir. Sən fərq etməsən belə, onlar hər gün eyni hisləri yenidən oyadır. İrəli getmək istəyirsən, amma mühit səni keçmişə bağlayır.
Sınıq və zədələnmiş əşyalar da diqqətəlayiqdir. Çatlamış güzgü, qırıq stul, işləməyən saat və s. bunlar xırda detallar kimi görünür, amma ümumi atmosferi aşağı salır. Ev sənin güc topladığın yer olmalıdır, “yarımçıq və baxımsız” hissi verən bir məkan yox. Əgər insanın yaşadığı mühit özü səliqəsiz və natamamdırsa, ondan tam və enerjili olmağı gözləmək olmaz.
Ən maraqlısı isə odur ki, bu “uğursuzluq gətirən əşyalar” məsələsi mistikadan çox, real təsirə malikdir. Nə qədər rasional insan olsan da, yaşadığın mühit davranışına, enerjinə və hətta qərarlarına təsir edir. Yəni məsələ psixologiyadadır.
Yəni evində nə saxlayırsansa, bir növ həyatında da onu saxlayırsan. Artıq, köhnə, yararsız və səni aşağı çəkən nə varsa, ya düzəlt, ya da ondan qurtul.
Ləman Sərraf






