media-237e4f40-92f7-4751-91ef-9f9bb3a3ac4a

Gəncə şəhərində yerləşən Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilmiş sosial yaşayış binalarında daxili su xəttindən sızma baş verib. Nəticədə bəzi mənzillərə ciddi ziyan dəyib.

Patrulaz.az-a daxil olan şikayətdə bildirilir ki, su sızması səbəbindən mənzildə divar kağızları qopub, qapı çərçivələri dağılıb, plastik hissələr sınaraq yararsız hala düşüb. Vəziyyətdən narazı qalan sakinlərdən biri mənzilindəki ziyanla bağlı sığorta şirkətinə müraciət edib. Sığortaçılar dəymiş ziyanın ödənilməsi üçün müvafiq məbləğ təyin etsələr də, vətəndaş bu vəsaiti ala bilmədiyini bildirir.

Sakin qeyd edir ki, sığorta ödənişini rəsmiləşdirmək üçün sənədlərin təqdim olunması məqsədilə Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İdarəsinə, Kəpəz Rayon Bələdiyyəsinə, həmçinin MİDA-nın Bakı ofisinə müraciət edib. Lakin iddiaya görə, bütün qurumlar məsuliyyəti bir-birinin üzərinə ataraq, Gəncə şəhərində yerləşən MİDA binalarının sənədlərdə qeydiyyatda olmadığını bildiriblər.

“Qurumlarla çox çətinliklə əlaqə yaradırıq. 7-8 dəfə zəng etdikdən sonra telefon cavablandırılır, amma deyirlər ki, rəsmi dövlət qurumu deyilik, buna görə də arayış və möhürlü sənəd təqdim edə bilmərik”, – deyə sakin bildirib.

Qeyd edək ki, zərərçəkmiş digər sakinlər də binalarda baş vermiş su sızması nəticəsində yaranmış problemlərin aradan qaldırılması və sığorta məsələsinin həll olunması üçün müvafiq dövlət qurumlarının bu məsələyə müdaxilə etməsini istəyirlər.

Gülbəniz Səfərova


Bənzər xəbərlər