media-img_2946

Patrulaz.az media şirkətinin rəhbəri, sosial media üzrə ekspert Səməndər Niftəliyev yazır.

Son zamanlar TikTok sosial şəbəkəsində “ekizler_111” niki ilə tanınan əkiz qardaşların fəaliyyəti ciddi ictimai narahatlıq doğurur. Onların yayımladıqları video və davranışlar gənclər və yeniyetmələr arasında kriminal aləmin təbliği kimi qiymətləndirilə bilər. Əkiz qardaşlardan biri çiyin hissəsində kriminal aləmi təbliğ edən xüsusi nişanı izləyicilərə nümayiş etdirərək bununla fəxr etdiyini açıq şəkildə göstərib. O, yayımladığı videoda həmin simvolun mənasını izah edir və “kriminal sistemə qulluq etdiyini” bildirir. Bu cür davranış yalnız sosial şəbəkə qaydalarının deyil, həm də cəmiyyətin mənəvi dəyərlərinin kobud şəkildə pozulmasıdır.

Əlavə olaraq, əkiz qardaşların sosial hesablarında istifadə etdikləri dil də ciddi narahatlıq doğurur. Onlar qeyri-etik ifadələr, küçə jarqonları və təhqiramiz sözlər işlədərək gənclər arasında yanlış nümunə yaradırlar. Bu cür çıxışlar, xüsusən də yeniyetmələr üçün təqlid obyekti olur və onların sosial davranışlarını pozur.

Son günlərdə TikTok istifadəçilərinin qarşısına çıxan hər 5 videodan birinin bu əkizlərə aid olması təsadüfi deyil. Onlar algoritmik olaraq sürətlə yayımlanır və bir çox gənclərin maraq dairəsinə daxil olur. Hətta bəzi gənclər onların videolarını öz profillərində paylaşmaqla bu təbliğatı daha da genişləndirirlər. Bu isə gənc nəsildə kriminal aləmə maraq oyadır, zorakı davranışları normallaşdırır və ictimai təhlükə yaradır.

Belə təbliğatlar nəticəsində cəmiyyətdə gənclərin kriminal aləmə simpatiyası artır, ailə dəyərlərinə və qanuni davranış normalarına laqeydlik yaranır, sosial şəbəkələrin sağlam platforma funksiyası zədələnir, qanunlara hörmət azalır və jarqon dili gənclər arasında gündəlik ünsiyyət vasitəsinə çevrilir.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları hər zaman belə neqativ hallara qarşı mübarizə aparır, qanunazidd davranışlara qarşı operativ tədbirlər görürlər və bu təqdirəlayiq haldır. Cəmiyyətin təhlükəsizliyi üçün DİN əməkdaşlarının gördüyü işlər daim yüksək qiymətləndirilməlidir.

Sonda Azərbaycan Respublikasının Daxili İşlər naziri, cənab Vilayət Eyvazova müraciət edərək, bu şəxslərin əməllərinə hüquqi qiymət verilməsi üçün tapşırıq verməsini xahiş edirik.


Bənzər xəbərlər