GƏRGİNLİK ARTIR: İran Ukraynanı açıq hədəf elan etdi
İran Ukraynanı Tehrana qarşı hücumlarda iştirak etməkdə ittiham edib.
Patrul.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi brifinq zamanı açıqlama verib.
Onun sözlərinə görə, Kiyev ABŞ və müttəfiqlərinə İran pilotsuz uçuş aparatlarına qarşı mübarizədə kömək etmək üçün hərbi mütəxəssislər və pilotsuz uçuş aparatları göndərir.
Tehran bu addımı BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən İrana qarşı təcavüzdə iştirak kimi qiymətləndirib və Ukrayna ərazisinin İran üçün açıq hədəfə çevrilə biləcəyini söyləyib.
“Bu, İrana qarşı təcavüz edənlərlə əməkdaşlıq və şəriklik deməkdir. İran xalqı bunu heç vaxt bağışlamayacaq”, – deyə o qeyd edib.
Ukrayna Xarici İşlər Nazirliyi isə bu ittihamları “absurd” adlandırıb. Kiyev bildirib ki, İran illərdir Rusiyaya “Shahed” dronları tədarük edərək Ukrayna şəhərlərinə hücumların həyata keçirilməsinə şərait yaradır və indi özünü qurban kimi təqdim edir.
Bu gərginlik İsrail və ABŞ-nin İrandakı hərbi obyektlərə, o cümlədən Tehran yaxınlığındakı Mehrabad hava limanına endirdiyi hava zərbələri fonunda baş verir.






