Geyim mağazaları adından fırıldaqçılıq halları artıb
Son zamanlar “İnstagram” sosial şəbəkəsində fəaliyyət göstərən bəzi geyim mağazaları adından fırıldaqçılıq hallarının artması müşahidə olunur. Şikayətçilərdən biri Patrulaz.az-a olan açıqlamasında bildirmişdir ki, təxminən 10 gün əvvəl bir geyim mağazasından sifariş verdikdən sonra əvvəlcədən beh ödənişi edib. Daha sonra ona sifarişin yaxın zamanda çatdırılacağı deyilsə də, bu vədlər yerinə yetirilməyib.
Şikayətçinin sözlərinə görə, mağaza sifarişi gecikdirərək, müxtəlif bəhanələrlə vaxtı uzadıb. Nəticədə, mağaza nümayəndəsi ilə əlaqə qurmaq mümkün olmayıb və şikayətçi bloklanıb.
Şikayətçinin təqdim etdiyi məlumatlara görə, bu mağaza tərəfindən bir neçə müştərinin də aldadıldığı ehtimal edilir. Sözügedən hadisənin digər qurbanlarının da olduğu qeyd olunur və vətəndaşlara bu kimi hallarda daha diqqətli olmaları tövsiyə edilir.
Qeyd edək ki, oxşar halların qarşısını almaq üçün “İnstagram” üzərindən alış-veriş edərkən satıcının etibarlılığını yoxlamaq, mümkün olduğu təqdirdə ilkin ödənişlərdən çəkinmək və təsdiqlənmiş hesablarla işləmək tövsiyə olunur.