"Gizli kameralar təkcə izləmir, həm də məlumatlarınızı oğurlayır" - Ekspertdən xəbərdarlıq
Son illərdə ictimai yerlərdə təhlükəsizliyin təmin edilməsi məqsədilə müşahidə kameralarının istifadəsi geniş yayılıb. Lakin bəzi hallarda gizli kameraların quraşdırılması təkcə fiziki təhlükəsizlik deyil, həm də kibertəhlükəsizlik baxımından ciddi risklər yarada bilər. Bu cihazlar düzgün qorunmadıqda və ya zəif şəbəkələrə qoşulduqda şəxsi məlumatların ələ keçirilməsi, görüntülərin icazəsiz yayılması və sistemlərin haker hücumlarına məruz qalması kimi problemlər ortaya çıxır. Bu isə həm vətəndaşların məxfiliyini, həm də informasiya təhlükəsizliyini ciddi şəkildə təhlükə altına sala bilər.
Bu baxımdan sual yaranır: ictimai yerlərdə gizli kameraların istifadəsi kibertəhlükəsizlik baxımından hansı riskləri yaradır və bu risklərin qarşısını necə almaq olar?
Bu barədə kibertəhlükəsizlik üzrə mütəxəssis Zaur Qasimov Patrul.az-a öz fikirlərini bölüşüb.
Onun sözlərinə görə, gizli kameralar ictimai yerlərdə məlumat sızması və şəxsi həyatın pozulması riskini artıraraq ciddi kibertəhlükəsizlik problemləri yaradır:
“İctimai yerlərdə gizli kameraların istifadəsi ilk baxışda təhlükəsizlik məqsədi daşısa da, əslində bu yanaşma ciddi kibertəhlükəsizlik və məxfilik riskləri yaradır.
Ən böyük risklərdən biri şəxsi məlumatların nəzarətsiz şəkildə toplanmasıdır. İnsanların görüntüləri onların xəbəri olmadan qeydə alınır və bu məlumatların harada saxlanıldığı, kimlər tərəfindən istifadə edildiyi çox vaxt məlum olmur. Bu isə məlumat sızması və üçüncü tərəflərə ötürülmə riskini artırır”.
Z.Qasimov qeyd edir ki, zəif qorunan kamera sistemləri hakerlər tərəfindən asanlıqla ələ keçirilərək həm izlənilə, həm də kiberhücumlar üçün istifadə oluna bilər:
“Digər vacib məsələ isə bu sistemlərin texniki təhlükəsizliyidir. Praktikada çox sayda kamera sistemi zəif qorunur – standart şifrələr dəyişdirilmir, sistemlər şifrələnmir və nəticədə hakerlər bu kameralara asanlıqla çıxış əldə edə bilirlər. Bu da həmin kameraların kənar şəxslər tərəfindən izlənməsi və ya daha geniş kiber hücumlarda istifadə olunması ilə nəticələnə bilər”.

Mütəxəssisin sözlərinə görə, gizli kameraların istifadəsi nəzarətsiz olduqda şantaj və sui-istifadə risklərini artıraraq təhlükəsizlik əvəzinə əlavə problemlər yaradır:
“Bundan əlavə, gizli çəkilişlər şantaj və digər sui-istifadə hallarına da yol aça bilər. Xüsusilə həssas mühitlərdə bu risk daha da artır.
Ümumilikdə, belə texnologiyaların istifadəsi yalnız qanunvericiliyə uyğun, şəffaf və təhlükəsizlik standartlarına riayət olunaraq həyata keçirilməlidir. Əks halda bu, təhlükəsizlikdən çox, yeni risklərin yaranmasına səbəb olur”.
Cəmilə Cəfərzadə






