media-img-20250620-wa0044

Dadlandırılmış elektron siqaretlərin az bilinən riskləri yenidən gündəmdədir. 

Patrulaz.az xarici mənbəyə istinadən xəbər verir ki, ABŞ-nin Nevada ştatında yaşayan 17 yaşlı Brianna Martin elektron siqaret istifadəsi səbəbilə çox nadir rast gəlinən ciddi bir ağciyər xəstəliyinə tutulub.

Xəstəlik Martinin məşq zamanı anasını zəng edərək “nəfəs ala bilmirəm” deməsi ilə üzə çıxıb. Əvvəlcə gənc qızın panik atak keçirdiyi zənn edilsə də, sonradan bunun illərlə gizli şəkildə istifadə etdiyi elektron siqaretlərlə bağlı olduğu müəyyənləşdirilib.

Üç il ərzində gizlicə elektron siqaret çəkən Briannaya xalq arasında “popkorn ağciyəri” olaraq tanınan və ağciyərlərdə daimi zədələnməyə səbəb olan “Bronşiolit obliterans” diaqnozu qoyulub.

Bu xəstəlik ağciyərlərin hava yollarında yara və iltihab yaradaraq davamlı öskürək, xırıltı, yorğunluq və nəfəs darlığı kimi əlamətlərlə müşayiət olunur.

Xəstəlik ilk dəfə mikrodalğalı popkorn istehsal edən fabrik işçilərində müşahidə olunub. Bu səbəbdən də “popkorn ağciyəri” adlandırılır. Səbəbkar isə, popkorna kərə yağı dadı verən “diasetil” adlı kimyəvi maddənin havaya qarışaraq nəfəs vasitəsilə ağciyərlərə daxil olmasıdır.

Tədqiqatlar göstərir ki, tərkibində zərərsiz görünən dadlandırıcılar olan elektron siqaret mayeləri, qızdırıldıqda zəhərli kimyəvi birləşmələrə çevrilə və ağciyər toxumasını birbaşa zədələyə bilər. Bu maddələr süzülmədən birbaşa qana qarışaraq orqanizmi zəhərləyir.

Elektron siqaretlərdə 180-dən çox aroma verici maddədən istifadə olunur və bu maddələrin istiliklə reaksiyaya girərək tərkibi məlum olmayan toksik maddələr yaratdığı sübut olunub.

Ləman Sərraf


Bənzər xəbərlər