Gizli simptomlarla gələn xəstəlik: Fizioterapiya niyə vacibdir? - Fizioterapevtdən AÇIQLAMA
30 May Beynəlxalq Dağınıq Skleroz Günüdür. Bu gün dünyanın müxtəlif ölkələrində Dağınıq Skleroz (MS) xəstəliyinə diqqət artırılır, xəstələrin ehtiyacları və həyat keyfiyyətinin yüksəldilməsi yolları müzakirə olunur. MS sinir sistemini zədələyən, müxtəlif fiziki və psixoloji çətinliklərə səbəb olan xroniki autoimmun xəstəlikdir. Dünyada təxminən 2.8 milyon insan dağınıq skleroz xəstəliyindən əziyyət çəkir. Azərbaycanda isə rəsmi statistikaya görə, mindən çox MS xəstəsi mövcuddur. Fizioterapiya mütəxəssisləri bu xəstələrin həyat keyfiyyətini artırmaq üçün ağrıların azaldılması, hərəkət qabiliyyətinin yaxşılaşdırılması və simptomların yüngülləşdirilməsi üçün müxtəlif üsullarla müalicə aparırlar.
Beynəlxalq MS Günü münasibətilə Patrulaz.az-a açıqlama verən fizioterapevt Şəhla Qafarova MS xəstələrinin fizioterapiya ehtiyacları və ölkəmizdə mövcud olan imkanlar barədə ətraflı məlumat verdi:
“Dağınıq skleroz mərkəzi sinir sisteminə təsir edən, geniş spektrli simptom və problemlərə səbəb olan xroniki autoimmun xəstəlikdir. Dağınıq skleroz xroniki olaraq vaxtaşırı kəskinləşmələrlə davam edir və pasiyentin müxtəlif dərəcədə əlilliyinə səbəb ola bilər.
Xəstəliyin yaranmasına aşağıdakı faktorlar səbəb ola bilər:
İmmun sisteminin disfunksiyası;
Genetik amillər (buraya immunoqlobulinlər və mielin zülalına cavabdeh olan genlər daxildir. Xəstəliyin üzə çıxması bir neçə genin birgə təsiri ilə bağlıdır);
Viral infeksiyalar (qızılca, məxmərək, parotit, herpes, Epşteyn-Barr virusu);
Hormonal amillər;
Stress;
Siqaret çəkmək və digər səbəblər.
Xəstəliyin gedişatında immun sistemi sinir liflərinin qoruyucu örtüyünə hücum edir, orada iltihab yaradır. Nəticədə mielin qatı zədələnir və çapıqlaşma baş verir. Bu da beyin, onurğa beyni və optik sinirlər daxilində elektrik impulslarının ötürülməsini pozur”.
Fizioterapevt bu xəstəlik zamanı ən çox rast gəlinən əlamətləri də diqqətə çatdırdı:
“Bu autoimmun xəstəlik zamanı aşağıdakı əlamətlər müşahidə olunur:
Yorğunluq;
Yerimə çətinliyi;
Ətraflarda uyuşma və qıcıqlanma;
Əzələ zəifliyi;
Tarazlıq və koordinasiya pozğunluğu;
Nitq və udqunma çətinlikləri;
Koqnitiv dəyişikliklər və emosional simptomlar;
İstilik həssaslığı, ağrı, spazmlar və s.
Fizioterapiya bu xəstəlikdə həm simptomların yüngülləşdirilməsində, həm də profilaktik məqsədlərlə istifadə olunur”.

Fizioterapiya mütəxəssisi Şəhla Qafarova fizioterapiyanın həyata keçirilməsində həkimlərin əsas məqsədinin nədən ibarət olduğunu vurğulayaraq, fzioterapiya zamanı istifadə olunan üsulları da qeyd etdi:
“Fizioterapiyanın həyata keçirilməsinin bir sıra məqsədləri var:
Ağrını azaltmaq,
Spazmı aradan qaldırmaq,
Hərəkət qabiliyyətini yaxşılaşdırmaq,
Əzələ gücünü qorumaqdır.
Bu məqsədlə aşağıdakı üsullar tətbiq olunur:
Masaj,
Müalicəvi bədən tərbiyəsi,
Erqoterapiya,
Tarazlıq hərəkətləri,
Su altı duşlar və vannalar,
Aplikasiyalar.
Müalicə planı ümumi deyil, fərdiləşdirilmiş şəkildə tərtib olunur. Xəstə ilə həkim arasında sıx əməkdaşlıq, daimi təqib və açıq ünsiyyət müalicənin uğurlu aparılmasında və xəstəliyin gedişatının yüngülləşdirilməsində mühüm rol oynayır”.
Gülbəniz Səfərova






