Göygöldə lifti işləməyən əlillər binasında qazilər və məhdudiyyətli sakinlər çarəsiz qalıb - VİDEO
Göygöldə qazilər və fiziki məhdudiyyətli sakinlər ciddi problem yaşayır.
Patrulaz.az-a Göygöl rayonundan müraciət edən birinci qrup Qarabağ qazisi Ram Rəhman oğlu İsmayılov bildirir ki, Göygöl rayonunda yerləşən, yerli sakinlər arasında “əlillər binası” kimi tanınan binada lift uzun müddətdir işləmir. Bu səbəbdən binada yaşayan onlarla şəxs, xüsusilə də qazilər və fiziki məhdudiyyətli insanlar gündəlik həyatda ciddi çətinliklərlə üzləşirlər.
İsmayılovun sözlərinə görə, hər gün pilləkənlərlə qalxmaq məcburiyyətində qalan əlillər və qazilər üçün bu vəziyyət həm sağlamlıq, həm də təhlükəsizlik baxımından ciddi risk yaradır. “Birinci qrup əlil olan insanlar üçün bu vəziyyət dözülməzdir. Bəzən tibbi yardım lazım olur, amma lift işləmədiyindən həkimlərin və ya təcili tibbi yardımın mənzilə qalxması da çətinləşir”, – deyə qazimiz qeyd edib.
Məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət olunsa da, büdcədə kifayət qədər vəsaitin olmaması səbəbindən problemin hələ də həll edilmədiyi bildirilir. Bu isə sakinlər arasında narazılığa səbəb olur.
Patrulaz.az xatırladır ki, müharibə veteranlarının, qazilərin və fiziki məhdudiyyətli şəxslərin sosial təminatı dövlətin xüsusi diqqət mərkəzindədir. Bu baxımdan, Göygöl rayonundakı “əlillər binası”nda yaşanan bu problem müvafiq qurumların təcili müdaxiləsini tələb edir.
Sakinlər aidiyyəti qurumlardan liftin təcili bərpasını və təhlükəsizlik standartlarına uyğun vəziyyətə gətirilməsini xahiş edirlər.
Patrulaz.az olaraq məsələni diqqətdə saxlayır və cavabdeh qurumların mövqeyini işıqlandırmağa hazırıq.






