Günə necə enerji ilə başlamaq olar? - Psixoloq ŞƏRHİ
Səhəri gümrah və enerjili qarşılamaq hər kəsin arzusu olsa da, bunun sirri sadə vərdişlərdə gizlənir. Düzgün yuxu rejimi, səhər hərəkətliliyi və sağlam qidalanma günün gedişatını tamamilə dəyişə bilər. Bəs mütəxəssislərə görə, səhəri gümrah keçirmək üçün ən təsirli üsullar hansılardır?
Bu mövzu ilə bağlı Patrulaz.az-a açıqlama verən Psixologiya Elmi-Tədqiqat Universitetinin sədri, psixoloq Elnur Rüstəmov bildirib ki, səhəri necə açmağımız və oyanma tərzimiz günün ritmini formalaşdırır:
“Günə enerji ilə başlamaq, əslində, bütün günün uğurlu keçməsinin əsas açarıdır. Necə oyanmağımız, səhəri necə açmağımız günün ritmini müəyyənləşdirir. İlk növbədə, səhər erkən oyanmaq çox vacibdir. Erkən oyanan insan həm özünə əlavə vaxt yaradır, həm də günün işlərini tələsmədən planlaya bilir. Digər bir məqam günə təmiz hava ilə başlamaqdı. Yüngül yürüş və ya fiziki hərəkətlər etmək həm bədəni aktivləşdirir, həm də beyinə güclü enerji ötürür. Belə bir deyim var: səhərin nəfəsi həm ruha, həm də bədənə şəfa verir. Səhərə müsbət emosiyalarla başlamaq da çox önəmlidir. Bununla bağlı hər kəsin özünəməxsus ritualı ola bilər. Kimisi musiqi dinləyir, kimisi qısa meditasiya edir, kimisi isə sadəcə günün əvvəlində minnətdarlıq hissini dilə gətirir. Bu, insanı gün boyu pozitiv dalğada saxlayır”.

E. Rüstəmov həmçinin qeyd edib ki, qidalanma da bu prosesin vacib hissəsidir. Günə yüngül və sağlam qidalarla başlamaq orqanizmi daha gümrah saxlayır:
“Bu prosesdə qidalanma da mühüm faktordur. Günə ağır yeməklərlə yox, daha yüngül yeməklərlə başlamaq orqanizmi gümrah edir. Eyni zamanda, səhər planlama vərdişi yəni günün məqsədlərini kağız üzərində və ya şüurda canlandırmaq da motivasiyanı artırır. Ən əsası isə insanın daxili inamıdır. Günə ‘bugün özüm və ətrafım üçün hansı yaxşı işləri görə bilərəm?’ sualı ilə başlamaq həm mənəvi güc yaradır, həm də enerjini yönləndirir. Çünki günün gözəl keçməsi səhərin necə açıldığı ilə sıx bağlıdır. Əgər səhər pozitivliklə, hərəkətlə və məqsəd hissi ilə başlayırsa, günün qalan hissəsi də eyni qaydada davam edir”.
Günə enerjili başlamaq üçün erkən oyanmaq, təmiz havada hərəkət etmək, pozitiv emosiyalarla günə daxil olmaq, yüngül və sağlam səhər yeməyi seçmək, həmçinin günün planını əvvəlcədən müəyyənləşdirmək vacibdir. Bu vərdişlər insanın həm ruhunu, həm də bədənini gücləndirərək bütün günün uğurlu keçməsinə zəmin yaradır.
Cəmilə Cəfərzadə






