Hava limanında sərnişinin çamadanından 48 zəhərli ilan tapılıb
Hindistanın Mumbay şəhərində yerləşən “Chhatrapati Shivaji Maharaj” Beynəlxalq Hava Limanında Taylanddan gələn bir sərnişinin çamadanında 48 zəhərli ilan və 5 tısbağa aşkar edilib.
Patrulaz.az “Hindustan Times” qəzetinin məlumatına istinadən xəbər verir ki, Bangkokdan Mumbaya uçan sərnişin hava limanında gömrük nəzarəti zamanı saxlanılıb. Onun yükündə aparılan axtarış zamanı 3 ədəd son dərəcə zəhərli “hörümçək quyruqlu gürzə” növü də daxil olmaqla 48 ilan və 5 Asiya yarpaq tısbağası aşkarlanıb.
Heyvanların növü, vəhşi təbiətin qorunması sahəsində fəaliyyət göstərən “Resqink Association for Wildlife Welfare (RAWW)” təşkilatı tərəfindən təsdiqlənib. Mütəxəssislər bildiriblər ki, bu ilanlar son dərəcə zəhərlidir və əsasən kiçik quşlarla qidalanan təhlükəli növlərə aiddir.
Hadisə ilə bağlı istintaq başladılıb və vəhşi heyvanların qaçaqmalçılığına qarşı tədbirlərin gücləndiriləcəyi vurğulanıb.






