media-inshot_20260423_200236549

Süni intellekt və rəqəmsal dünyanın gətirdiyi sürət bəzən beynimizin “qorxu düyməsini” sıxaraq bizi idarəolunmaz bir həyəcan dalğasına qərq edir. Bu dalğanın ən kəskin forması olan panik ataklar, insanın real təhlükə olmadığı halda özünü ölümün pəncəsində hiss etməsinə, fiziki və psixoloji gərginliyin zirvəsinə çatmasına səbəb olur.

Patrul.az-ın apardığı araşdırmalara və psixoloji tədqiqatlara görə, rəqəmsal dövrün bu “gizli epidemiyası” ilə mübarizədə beyni yenidən proqramlaşdıran və onu real zamana qaytaran ən effektiv üsul “5-4-3-2-1” metodudur.

Panik atak zamanı beyin gələcəkdəki qorxulara və ya daxili fiziki simptomlara (ürək döyüntüsü, boğulma) fokuslanır. Bu taktika beynin rasionallığa cavabdeh olan hissəsini işə salaraq “döyüş və ya qaç” siqnalını söndürmək üçün 5 duyğu üzvündən istifadə edir:

5-4-3-2-1 metodu: Addım-addım tətbiq

Gördüyünüz 5 şey: Ətrafınızda olan 5 fərqli əşyaya fokuslanın və onların adını çəkin (məsələn: masa, pəncərə, qələm, ağac, telefon). Bu, görmə mərkəzini aktivləşdirir.

Toxuna bildiyiniz 4 şey: Bədəninizlə hiss etdiyiniz 4 fərqli toxunuşa fokuslanın (məsələn: paltarınızın teksturası, əlinizdəki soyuq su butulkası, oturduğunuz kreslonun sərtliyi).

Eşitdiyiniz 3 səs: Diqqətinizi xaricdən gələn səslərə yönəldin (məsələn: uzaqdan gələn maşın səsi, saatın çıqqıltısı, küləyin vızıltısı).

İylədiyiniz 2 qoxu: Ətrafdakı qoxuları hiss etməyə çalışın. Əgər qoxu yoxdursa, sevdiyiniz bir qoxunu təsəvvür edin.

Dadını hiss etdiyiniz 1 şey: Ağzınızdakı dadı (məsələn: kofe və ya saqqız dadı) hiss edin və ya dilinizin damağınıza toxunuşuna fokuslanın.

Niyə işə yarayır?

Araşdırmalar göstərir ki, bu taktika “Grounding” (Yere bağlanma) adlanır. Panik atak zamanı beynin qorxu mərkəzi olan amigdala həddindən artıq aktivləşir. Siz duyğularınıza fokuslanıb əşyaları saymağa başladıqda, beynin prefrontal korteksi (məntiq mərkəzi) idarəetməni ələ alır və bədənə “hər şey qaydasındadır, real təhlükə yoxdur” siqnalını göndərir.

Bu metod anlıq xilasedici olsa da, əgər ataklar tez-tez təkrarlanırsa, bu, “Panik Pozuntu” əlaməti ola bilər. Belə hallarda mütləq peşəkar psixoterapevt yardımı alaraq köklü səbəbləri araşdırmaq lazımdır.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər